"Kəpəz"in kapitanı: "7 xallıq fərqi aradan qaldırmaq çox çətindir" - MÜSAHİBƏ

"Kəpəz"in kapitanı: "7 xallıq fərqi aradan qaldırmaq çox çətindir" - MÜSAHİBƏ Bakı. 23 aprel. REPORT.AZ/ Kəpəzin kapitanı Şəhriyar Rəhimovun Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə Səbaillə 1:1 heç-heçə etdikləri oyundan sonra Reporta müsahibəsi
Futbol
23 Aprel , 2018 14:45
Kəpəzin kapitanı: 7 xallıq fərqi aradan qaldırmaq çox çətindir - MÜSAHİBƏ

Bakı. 23 aprel. REPORT.AZ/ "Kəpəz"in kapitanı Şəhriyar Rəhimovun Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Səbail"lə 1:1 heç-heçə etdikləri oyundan sonra "Report"a müsahibəsi 

- Hesabda önə çıxdığınız halda, sonda bir xalla kifayətləndiniz. Görüşü necə dəyərləndirirsiniz? 

- Matça pis başlamadıq. İlk qolu da biz vurduq. O qoldan sonra nələrin baş verdiyini anlaya bilmədim. Müdafiəni fikirləşib arxaya çəkildik. Rəqibin də bizə təzyiqi oldu. Bu isə komandamıza baha başa gəldi. "Səbail"lə görüşdə əsas iki futbolçumuz zədələndi. Quli Manjqaladze və İqor Korotetski xəsarət aldıqları üçün oyunu davam etdirə bilmədilər. Bu isə oyunumuza təsirsiz ötüşmədi. Korotetski komandanın əsas müdafiəçilərindən sayılır. Manjqaladze də bizim üçün çox vacib futbolçudur. Futbolda zədələr də olur. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir. Bilirdik ki, qələbə qazanmalıyıq. Amma alınmadı.

- Bərabərlik qolu da tezliklə vuruldu. Bu, "Kəpəz"i sarsıtmadı?

- Əlbəttə, təsirsiz ötüşmədi. Qapımızdakı qolu da tez gördük. Bunun da bizə təsiri oldu. Fikrimcə, hesabı qoruyub saxlaya bilsəydik, əks-hücumlara çıxmaq şanslarımız daha çox olardı. Ondan sonra ikinci qolu da vura bilərdik. Sadəcə, "Səbail" bərabərlik qolunu tez vurdu. Sevinirəm ki, birinci hissənin sonlarında da qol buraxmadıq. Çünki rəqib bizə çox təzyiq göstərirdi. İkinci hissədə də bərabər səviyyəli oyun keçdi. Demək olar ki, "Səbail"in real qol vəziyyəti yox idi. Bərabərlik bu oyun üçün ən yaxşı nəticədir.

- Hazırkı durumda "Kəpəz"də nə çatmır?

- Hansısa səbəbi bilsəydik, onun üzərində çalışardıq. Ən böyük problemimiz odur ki, qol epizodlarını dəyərləndirə bilmirik. Önə keçdiyimiz qoldan sonra hesabı artırmaq üçün də şansımız oldu. Amma yararlana bilmədik. Bəlkə də ikinci qolu vursaydıq, qələbəyə daha yaxın olardıq. Bizim ən birinci problemimiz qol şanslarını dəyərləndirə bilməməyimizdir.

- Komandada qolları hücumçular vurmalıdır. Ön xətdə yalnız Dario Frederiko yaxşı oyun sərgiləyir. Hücumçuların çıxışı sizi qane edir?

- Bu məsələ haqqında mənim danışmağım düzgün deyil. Hər kəs gördü ki, Şadon Vinçester Darioya çox gözəl qol ötürməsi verdi. Vinçester də komandaya xeyir vermək istəyir, onun da şansı oldu. İkinci qolu vura bilsəydi, lap yaxşı olardı. Sizin fikirinizlə tam razıyam. Hücumçu qol vurmalıdır. Çox heyf ki, qol epizodlarından istifadə edə bilmirik.

- Qarşıda sizi çətin Qəbələ səfəri gözləyir. Bu oyunla bağlı nə deyə bilərsiniz?

- Böyük-böyük danışmaq olmasın, bizim üçün hansı komanda ilə qarşılaşmağımızın fərqi yoxdur. Yalnız xal qazanmaq barədə düşünürük. Axırıncı pillədən qurtulmaq niyyətindəyik. Fikirləşmirik ki, "Qəbələ" ilə səfər oyununa gedirik və bu, bizim üçün çətin olacaq."Səbail"lə səfər oyunları da asan olmur. Süni meydanda onlar yaxşı oyun sərgiləyirlər. Gəncədə "Qarabağ"la matçda da xal qazanmağı planlaşdırırdıq. "Qəbələ" ilə görüşdə çalışacağıq ki, xal və ya xallar qazanaq. Maksimum dərəcədə nə bacarırıqsa, onu da etməliyik.

- Çempionatın başa çatmasına 4 tur qalıb. Sonuncu pillədən xilas olacağınıza hələ də inanırsınız?

- Bu oyunda qələbə qazansaydıq, mövqeyimizə böyük təkan olardı. Xal fərqini azaldar, komandada motivasiya artardı. 7 xallıq fərqi aradan qaldırmaq çox çətindir. Biz qələbələr qazanmaqla yanaşı, "Səbail"in də daim xal itirməsini gözləməliyik. Çətindir, amma mümkünsüz də deyil. Əl-qolumuzu sallamayacağıq. Hələ heç nə bitməyib.

- Ötən mövsüm "Kəpəz" doğma meydanda da olsa, rəqiblərə çətinlik yarada bilirdi. Bu mövsüm isə tam başqa çıxış görürük. bunu nə ilə əlaqələndirirsiniz?

- Qış fasiləsindən sonra heç bir komandaya asan məğlub olmamışıq. "Qarabağ"a da 0:1 hesabı ilə uduzduq. Qol şanslarımız da oldu. Asan məğlub olmuruq, sadəcə, qol vura bilməməyimiz böyük problemdir. Bunun üzərində işləməliyik. "Kəpəz" növbəti mövsüm də çempionatda qalsa, inanıram ki, daha yaxşı çıxış edəcəyik.

- Mövsümün sonunda komanda ilə müqaviləniz başa çatır. Yeni mövsümdə sizi "Kəpəz"də görə biləcəyik?

- Mən də daxil olmaqla, bütün futbolçuların müqaviləsi mövsümün sonunda bitəcək. Hamının müqaviləsi 1 illikdir. Bu barədə danışmaq bir az tezdir. Neçə ildir bu komandada çıxış edirəm. Mənə təklif olsa, "Kəpəz"də qalacağam. 

Son xəbərlər

Orphus sistemi