Bakı. 28 iyun. REPORT.AZ/ "Kəpəz" klubu Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib. "Report"un məlumatına görə, rəqib Moldovanın "Daçiya" klubu olub.
Mərdəkanda yerləşən "Dalğa Arena"da keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Oyun bir sıra maraqlı məqamlarla yadda qalıb. "Daçiya"da futbolçulara göstərişi baş məşqçi Oleq Bejenar deyil, klub prezidenti Adlan Şişxanov verib. Daha bir maraqlı məqam isə matçın 64-cü dəqiqəsinə təsadüf edib.
Nicat Qurbanov yerdə qaldığı vaxt qonaq komandanın texniki zonasında göstərişlər verən klub prezidenti komandaya oynamaq göstərişi verib. Moldova təmsilçisi oyunu davam etdirərkən, topu ələ keçirən Kərim Diniyev onu Şişxanova tərəf vurub. Bundan qəzəblənən klub prezidenti K.Diniyevə hədə-qorxu gəlməyə başlayıb. Araya girən "Kəpəz"in kapitanı Tural Axundov Şişxanovdan üzr istəyib. Az sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klub prezidentinə yaxınlaşıb və oğlunun hərəkətinə görə üzrxahlığını bildirib. Ardından oğul Diniyev də Şişxanovun yanına gələrək, onunla qucaqlaşıb və insident beləcə aradan qalxıb.
Qeyd edək ki, komandaların cavab görüşü iyulun 7-də olacaq.