Kamran Cəbrayılov: "Danışılmış oyunların iştirakçıları 6 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər" - MÜSAHİBƏ

Kamran Cəbrayılov: "Danışılmış oyunların iştirakçıları 6 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər" - MÜSAHİBƏ UEFA nümayəndəsi: "Mətbuatda da əsaslandırılmış informasiya olarsa, bunu nəzərə alacağıq"
Futbol
1343
15 Noyabr , 2017 10:04
Kamran Cəbrayılov: Danışılmış oyunların iştirakçıları 6 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər - MÜSAHİBƏ

Bakı. 15 noyabr. REPORT.AZ/ UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun “Report”a müsahibəsi

- Noyabrın 13-də sizin də iştirakınızla I Divizionda çıxış edən klubların nümayəndələri ilə keçirilmiş görüşdə əsas müzakirə mövzusu danışılmış oyunlar olub. Bu görüş hansı zərurətdən irəli gəldi?

- UEFA-nın proqramlarında oyunçulara, futbol ictimaiyyətinə maarifləndirici təqdimatların keçirilməsinə dair təlimatlar var. Bu görüş də həmin plana uyğun təşkil olunub və mövsüm ərzində davam etdiriləcək.

- Təqdimat hansı mövzuları əhatə edib?

- Görüşdə danışılmış oyunlarının hüquqi əsasları ilə əlaqədar məlumat verildi. Bununla bağlı Azərbaycanın da üzv olduğu Avropa Şurasının Konvensiyası var. Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən söhbət açdıq. Xatırlatdıq ki, danışılmış oyunlarda iştirak cinayət məsuliyyətinə səbəb olacaq. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə toxunduq. Bildirdik ki, idman yarışlarının manipulyasiyasına qarşı mübarizə dövlət siyasətidir.

- Danışılmış oyunlara qarşı əsas mübarizə üsulları hansılardır?

- UEFA-nın bununla bağlı çox geniş təcrübəsi var. Bu işi konkret sistem formasında həyata keçirirlər. Yerlərdə hüquq-mühafizə orqanları, prokurorluqla əməkdaşlıq edirlər. Həmçinin, UEFA-nın mərc şirkətləri ilə müqavilələr mövcuddur, bu sahədə işləyirlər. Şübhəli mərclər olanda bu barədə UEFA-ya məlumat gəlir. Onlar da analiz edib, çox detallı formada hesabatlar hazırlayaraq, həmin oyunu keçirən quruma yönəldirlər.

- Əvvəlki illərdə danışılmış oyunlarla bağlı yerli mətbuatda dəfələrlə xəbərlər yer alıb. Belə məlumatları da nəzərə alacaqsınız?

- Əlbəttə, biz hərtərəfli işləmək istəyirik. Mətbuatda yer alacaq xəbərlər də nəzərə alınacaq. Lakin bu prosesdə UEFA-dan gələn hesabatlara daha çox önəm verilir, onlar əsas götürülür. Çünki İdman Arbitraj Məhkəməsinin (CAS) də qərarı var ki, UEFA-dan gələn hesabatlar əsaslıdır və kifayət qədər detallıdır. Biz də bu səbəbdən, ciddi yanaşırıq. Təbii ki, mətbuatda da əsaslandırılmış informasiya olarsa, bunu nəzərə alarıq və əməkdaşlığa görə təşəkkür edərik.

- FİFA və UEFA-nın, həmçinin AFFA-nın İntizam qaydalarında danışılmış oyunlarla bağlı öz əksini tapmış müddəalar nədən ibarətdir?

- UEFA-nın İntizam qaydalarında cəzalarla bağlı müəyyən limitlər müəyyənləşdirilsə də, danışılmış oyunlar istisna təşkil edir. Yəni, ömürlük cəza da tətbiq oluna bilər.

- Danışılmış oyunlarla əlaqədar Cinayət Məcəlləsinə edilən dəyişiklər hansılardır?

- Dəyişikliklər 2016-cı ilin noyabrında qəbul olunub. Bunula paralel olaraq, Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununa da dəyişiklik edilib. Cinayət Məcəlləsində cəza iki formada nəzərdə tutulub. Birinci kateqoriyaya idmançı, məşqçi və ya hakimi bu işə cəlb edən şəxslər daxildir. İkincisi isə idman ictimaiyyətinin subyektləridir. Bunların hamısı ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Sadə dillə desək, 3 ildən 6 ilədək azadlıqdan məhrum edilmə mümkündür. Təkrar və ya cinayətkar qrup tərəfindən törədildikdə isə 6 ildən 8 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi