Joze Alesio Da Silva: "Heyətimizə əl gəzdirməliyik"

Joze Alesio Da Silva: "Heyətimizə əl gəzdirməliyik" "İstənilən halda, heyətimizə əl gəzdirməli, ÇL-da yaxşı çıxış etməliyik".
Futbol
8 May , 2022 15:14
Joze Alesio Da Silva: Heyətimizə əl gəzdirməliyik

"İstənilən halda, heyətimizə əl gəzdirməli, ÇL-da yaxşı çıxış etməliyik".

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına çempionluqla bağlı təəssüratlarını bölüşərkən deyib.

Braziliyalı mütəxəssis bildirib ki, yeni mövsümlə bağlı müəyyən planları var: "Bizi əvvəlcə UEFA Çempionlar Liqasının oyunları gözləyir. Heyətimizi gücləndirməliyik. Azı 2 futzalçı komandamıza qoşulmalıdır. Seçim zamanı legionerlərə üstünlük vermək istəmirəm. Çalışacağam ki, yerli oyunçuların gücündən istifadə edim. Çünki biz həm də milli komandanı düşünməliyik. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir".

O, yerli oyunçularla bağlı seçim imkanlarının çox az olduğunu etiraf edib: "Beynəlxalq oyunlarda bizə kömək edəcək yerli oyunçu seçimi etmək çətindir. Yenə EKOL, “Neftçi” İK, “Baku Fire” kimi komandalara da baxacağıq. Əgər axtardığımız futzalçıları burada tapmasaq, o zaman əcnəbi oyunçular arasından seçim edəcəyik".

Yüksək Liqada EKOL-a 9:2 hesabı ilə qalib gəldikləri final oyununa da toxunan Da Silva ilk dəqiqələrdən intensiv başladıqlarını söyləyib: "Fikrimizdən sırf müdafiə olunmaq keçmirdi. Düzdür, oyunçularımızda az da olsa yorğunluq var idi. Ona görə də əvəzetmələri elə edirdik ki, həmin futzalçılar istirahət etmək imkanı qazansınlar. Final oyunu olduğuna görə, maksimum ciddi yanaşırdıq. Çünki bu görüşdə edəcəyin səhvin bərpası yox idi. Məqsədimiz çempion olmaq idi, buna da nail olduq".

Baş məşqçi çempionatda rəqabətin istənilən səviyyədə olmadığını vurğulayıb: "Əlbəttə, istərdik ki, komandalar hamısı bir-birinə qarşı mübarizə aparacaq gücdə olsun. Pandemiya digər sahələr kimi, idmana da çox pis təsir etdi. Tədricən yumşalmalar baş verdi və zallar açıldı. Azarkeşləri bu cür oyunlar zamanı tribunalarda görmək istərdik. Hakimlərin intizama bu qədər ciddi diqqət yetirməsini alqışlayıram. Amma onlar sarı vərəqələrdən çox rahat istifadə edirlər. Nəticədə cəzalı futzalçıların sayı hər dəfə artır. Aydın məsələdir ki, bu gün EKOL tam heyəti ilə çıxış etsəydi, final matçı daha maraqlı keçərdi. Amma cəzalı olduqlarına görə, 3 oyunçusu meydana çıxmadı".

Qeyd edək ki, "Araz-Naxçıvan" tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.

Son xəbərlər

Orphus sistemi