İsveçrə yığmasının futbolçuları Bakını təriflədi

İsveçrə yığmasının futbolçuları Bakını təriflədi "Yaxşı otelimiz, yaxşı yeməyimiz və yaxşı məşq meydanımız var"
Futbol
198
9 İyun , 2021 09:57
İsveçrə yığmasının futbolçuları Bakını təriflədi

"Biz "Bilgah Beach" otelində qalırıq. Kart, "PlayStation" oynayır və söhbət edirik".

"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan İsveçrə yığmasının futbolçusu Haris Seferoviç deyib. Portuqaliya "Benfika"sından dəvət almış 29 yaşlı hücumçu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uelslə keçirəcəkləri oyundan 3 xalla ayrılmaq istədiklərini bildirib: "İtaliya ilə Romada keçirəcəyimiz ikinci tur oyununa 3 xalla yollanmaq yaxşı olardı".

Almaniya "Auqsburq"undan çağırılmış vinger Ruben Varqas isə Bakıda onlara yaradılmış şəraitdən razılıq ifadə edib: "Yaxşı otelimiz, yaxşı yeməyimiz və yaxşı məşq meydanımız var".

Blue News" nəşrinin "İsveçrə yığmasının ulduzları Bakıda öz nağıllarını yaradırlar" başlıqlı yazısında İsveçrə yığmasının 1996-cı ildə Azərbaycan millisinə 0:1 hesabı ilə uduzduğu dünya çempionatının seçmə oyunu vaxtı gördükləri ilə müqayisədə hazırkı Bakını müqayisə edib. Nəşr yazır ki, həmin vaxtdan 25 il sonra isveçrəli futbolçular tam fərqli mənzərə ilə qarşılaşıblar. Yazıda Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı Olimpiya Stadionunadək 8 zolaqlı yolun çəkildiyi, küçələrin göydələnlərlə əhatə olunduğu vurğualanıb.

O da qeyd edilir ki, İsveçrə yığmasını koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə mərkəzdən uzaqda qalmaları narahat etmir: "Oyunçular Avropa çempionatı zamanı "köpük"də qalmalıdırlar. Onların yalnız oteldə, avtobusda, məşq meydanlarında və ya stadionda olmalarına icazə verilib. UEFA ətraf dünya ilə təmasları qadağan edib. UNESCO-nun Ümumdünya İrs Siyahısına saldığı İçəri Şəhərə, brend mağazalara və sahilkənarı Nizami küçəsinə ("Torqovı") ekskursiyaları mümkün deyil.

Komanda üzvləri məşqlərini "Bilgah Beach" otelindən 10 dəqiqəlik məsafədə olan "Dalğa Arena"da keçirlər. Cerdan Şakiri, Qranit Caka və digərləri bu stadiona ayaq basan ilk ulduzlar deyillər. 4 il əvvəl burada 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçirilib və hollandiyalı Mattis de Liqt, almaniyalı Kay Haverts kimi məşhurlar üzə çıxıblar.

Yazıda o da bildirilir ki, İsveçrə millisi Bakıda dəhşətli film yox, "Minbir gecə" çəkmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi