Den Meyson: "Bakının idman jurnalistikasının paytaxtına çevrilməsini istəyirdim"

Den Meyson: "Bakının idman jurnalistikasının paytaxtına çevrilməsini istəyirdim" Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası&İdman Jurnalistikası Magistr Proqramının rəhbərliyi ilə yollarını ayırıb.
Futbol
8 İyul , 2020 18:34
Den Meyson: Bakının idman jurnalistikasının paytaxtına çevrilməsini istəyirdim

Den Meyson Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası Magistr Proqramının rəhbəri vəzifəsindən ayrılıb.

Bu barədə "Report"a layihənin həmtəsisçisi və direktoru Den Meysonun özü məlumat verib.

Böyük britaniyalı mütəxəssis bildirib ki, bu addım proqram çərçivəsində müqaviləsi bitdiyi üçün atılıb. Meyson xatırladıb ki, Azərbaycana gələrkən konkret hədəfləri olub: "Burada beynəlxalq səviyyəli təhsil və idman sahəsinə dəstək vermək, ölkəni idman jurnalistikası üçün beynəlxalq mərkəzə çevirmək fikrim var idi. Bacardıqmı? Bir çox cəhətdən bunu reallaşdıra bildiyimizi deyərdim. Qafqaz regionunda və Azərbaycanda ilk dəfə ingilis dilində 1,5 illik müddəti əhatə edən idman jurnalistikası magistr təhsilini təqdim etdik. Məzunlarımızın əksəriyyəti indi peşəkar media sahəsində çalışmaqdadır və onların ingilis dili bilikləri xarici qonaqlarla tez-tez ünsiyyətdə olmalarına imkan verir".

Onun sözlərinə görə, İdman Jurnalistikası Magistr Proqramına rəhbərlik etdiyi 3 il müddətində rəqəmsal və praktik istiqamətli tədris prosesi beynəlxalq və yerli mütəxəssislərin bacarığı, özünün 40 illik təcrübəsi və tərəfdaş Şeffild Hallam Universitetinin dəstəyi əsasında qurulub: "Bu baxımdan Azərbaycan jurnalistikasının, təhsilinin və idmanının fəxr edə biləcəyi bir proqram qurduğumuzu deyə bilərəm. Bundan əlavə, 3 il ərzində "Formula 1", Milli Paralimpiya Komitəsi və AFFA da daxil olmaqla, təşkilatlara təlim və media xidmətləri göstərərək Azərbaycan idmanına xidmət etdik. Milli Olimpiya Komitəsi ilə birlikdə yeni 10-dan çox region ölkələrinin idman sahəsində çalışan kommunikasiya nümayəndələrini Azərbaycana gətirərək, onlara yeni media bacarıqları mövzusunda təlimlər keçdik".

Meyson Azərbaycanın qlobal idman paytaxtına çevrilmək üçün böyük sərmayə sərf etdiyini söyləyib: "Bakının idman jurnalistikasının paytaxtına çevrilməsini istəyirdim. Niyə də yox? Çünki bura yaşamaq və öyrənmək üçün mükəmməl yerdir. Təəssüf ki, gedişat tam planlaşdırdığımız kimi olmadı, amma ən azından cəhd etdik və gördüyümüz iş ortadadır. Bütün bunlara nail olduq, bu sahədəki xidmətlərimizə görə mükafatlar qazandıq və mütəmadi olaraq 3 il ərzində Azərbaycanda ən çox danışılan ali təhsil proqramına çevrildik. Düşünürəm ki, bu müddətdə qazandığımız nəticələr çox yaxşıdır".

Mütəxəssis bundan sonrakı fəaliyyəti barədə də danışıb: "Son 10 il ərzində 30-dan çox ölkədə işləmişəm, amma Azərbaycan mənim ikinci evimə çevrilib. Pandemiyanın yaratdığı çətinliklərdən dolayı hazırda fəaliyyətimi onlayn formada davam etdirirəm, ictimai qurumlar, korporativ təşkilatlar üçün media istiqamətində onlayn təlim proqramlarına rəhbərlik edirəm. Bu arada Azərbaycanda və başqa yerlərdə kommunikasiya bacarıqlarını inkişaf etdirməyə hesablanmış bir sıra yeni layihə təklifləri də almaqdayam.İşimi sevir, işimdən həzz alıram, buna görə də harada pozitiv dəyişikliklər varsa, orada olmağa hazıram".

Proqramın meneceri Ellada Mustafayeva isə "Report"a açıqlamasında bunları deyib: "Bir qədər fəlsəfi səslənsə də, hər bir işin əvvəli olduğu kimi, sonu da olur. Son 3 il ərzində İdman Akademiyasında Azərbaycan təhsili, mediası və idmanı adına bir ilkə imza atmağın sevincini yaşadıq. İdman Jurnalistikası Magistr Proqramının ilk məzunları artıq bir sıra nüfuzlu yerli və xarici media qurumları ilə əməkdaşlıq edirlər. Tələbələrimizlə, məzunlarımızla qürur duyuram".

Mustafayeva proqram meneceri olduğu müddətdə bir-birindən dəyərli peşəkarlarla çalışmaq imkanının olduğunu vurğulayıb: "Bu məqamda media sahəsində olan dostları, həmkarları xüsusilə vurğulamaq istərdim. Çünki məhz onların dəstəyi sayəsində bu, Azərbaycanda 3 il ərzində ən çox danışılan ali təhsil proqramı oldu. Əməyi keçən, dəstəyini əsirgəməyən hər kəsə təşəkkürümü bildirir, proqramın bundan sonrakı fəaliyyətində də uğurlar diləyirəm".

Qeyd edək ki, Azərbaycanda və Qafqaz regionunda ingilis dilində tədris olunan İdman Jurnalistikası sahəsində ilk magistr proqramı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Böyük Britaniyanın Şeffild Hallam Universiteti arasındakı əməkdaşlıq çərçivəsində, dünyaca məşhur media mütəxəssisi Den Meyson tərəfindən təsis olunub. İngilisdilli proqrama ilk qəbul 2017-ci ildə aparılıb və 6 tələbə buna nail olub. Daha sonra proqrama olan maraq geniş miqyas alaraq ölkə xaricindən də tələbələrin qəbulu səviyyəsinə çatıb. Türkiyə, Nigeriya, Vyetnam və Pakistandan olan namizədlər proqrama qoşulmaq üçün müraciət edib. 
Tələbələr müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş Akademiyanın Multimedia Mərkəzində yerli və xarici mütəxəssislərin keçdiyi modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnib, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanıblar.

Magistr tələbələri dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllülər və tələbələrdən müsahibələr alıblar. Onlar, həmçinin proqram çərçivəsində Böyük Britaniyaya səfər edərək 2 həftə müddətində BBC və digər nüfuzlu media orqanında təcrübə qazanıb, əsas təlim modullarından birini Şeffild Hallam Universitetində keçiblər.

Son xəbərlər

Orphus sistemi