"Kəpəz" rəsmisi: "Büdcəmiz daha çox ola bilər, ad dəyişikliyi isə xoş qarşılanmaz"

"Kəpəz" rəsmisi: "Büdcəmiz daha çox ola bilər, ad dəyişikliyi isə xoş qarşılanmaz" 2022/2023 mövsümün futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" klubuna sponsorlar cəlb oluna bilər.
Futbol
182
11 May , 2022 16:33
Kəpəz rəsmisi: Büdcəmiz daha çox ola bilər, ad dəyişikliyi isə xoş qarşılanmaz
İlqar Nadiri

2022/2023 mövsümün futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" klubuna sponsorlar cəlb oluna bilər.

Bu barədə "Report"a klubun icraçı direktoru İlqar Nadiri açıqlama verib. Onun sözlərinə görə, Gəncə təmsilçisi elitada iştirak üçün lisenziya aldıqdan sonra bu məsələ ilə maraqlananlar olub:

"Divizionda oynayan kluba pul ayırmaq istəyən yoxdur. Premyer Liqaya çıxdıqdan sonra həm ölkədə, həm də xaricdə yaşayan iş adamlarından dəstək ala bilərik. Ümidimiz böyükdür. Hazırda Futbolun İnkişaf Fondu bu işlə fəal məşğul olur. Təbii ki, bizim də klub rəhbərliyi olaraq, görüşəcəyimiz iş adamları var".

Nadiri klubun büdcəsinin mətbuatda yazılanlardan çox ola biləcəyini istisna etməyib: "Büdcə ilə bağlı xəbərləri mən də internetdən oxuyuram. Yenə deyirəm, dəqiq bir şey yoxdur. Bu ayın sonunadək bəzi şəxslərlə görüşəcəyəm. Onların arasında AFFA rəhbərliyi də var. Bir sıra məqamlara ondan sonra aydınlıq gələcək. Büdcəmiz mətbuatda yazılanlardan daha çox ola bilər. Bu isə sponsorların olub-olmamasından asılıdır".

Baş məşqçi Yaşar Vahabzadənin komandadakı taleyinə də toxunan "Kəpəz" rəsmisi məsələnin hələlik açıq qaldığını söyləyib: "Çünki mövsüm hələ yekunlaşmayıb. Futbolçular və baş məşqçilərlə mayın sonunadək müqaviləmiz var. Əvvəlcə büdcə müəyyənləşməlidir. Bundan sonra digər məsələlərə baxılacaq. Yaşar müəllim təcrübəli mütəxəssisdir. Bu barədə hər hansı problem yoxdur. Müqaviləsi davam edir. Premyer Liqada yeni baş məşqçinin olacağını deyə bilmərik. Son qərar çempionat bitdikdən sonra veriləcək".

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun yeni mövsümün startınadək hazır olub-olmayacağına da aydınlıq gətirən icraçı direktor arenada işlərin davam etdiyini vurğulayıb: "Baza və soyunub-geyinmə otaqları hazır deyil. Eyni zamanda, məşq meydançalarının da tikintisi sürətlə davam edir. Stadion yeni mövsümün startına çata da bilər, çatmaya da. İnanıram ki, ən azı məşq meydançalarının inşası bitəcək. Amma digər infrastrukturun da hazır olması vacibdir".

Nadiri AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun "Kəpəz"in adının dəyişdirilməsi ilə bağlı təklifinə də münasibət bildirib: "Hazırda bu məsələ gündəmdə deyil. Əsas məqsədimiz mövsümü yekunlaşdırıb, qısa müddətdə komandanı formalaşdırmaqdır. Gəncəlilər, bütün azarkeşlər Gəncə komandasını "Kəpəz" olaraq tanıyır. Azərbaycan Kubokunun sahibi, ölkə çempionudur. Belə başa düşürəm ki, ad dəyişikliyi heç də xoş qarşılanmaz".

Son xəbərlər

Orphus sistemi