Avrokubok məyusluğu və ya düşündüyün hər şeyə inanma - REPORTAJ

Avrokubok məyusluğu və ya düşündüyün hər şeyə inanma - REPORTAJ Dont believe everything what you think. (Düşündüyün hər şeyə inanma) Bu sözlər İsrailin paytaxtı Təl-Əvivdə qaldığımız otelin, nə qədər qəribə də olsa, yuyunma otağının şüşəsinə yazılmışdı. Sözsüz ki, bura gəlməmişdən hər bir insanın beyninə müxtəlif fikirlər dolaşmağa başlayır. Çünki yəhudilər və müsəlman dünyası arasındakı münasibətlər elə də isti deyil.
Futbol
16 Avqust , 2019 16:07
Avrokubok məyusluğu və ya düşündüyün hər şeyə inanma - REPORTAJ

Dont believe everything what you think. (Düşündüyün hər şeyə inanma) Bu sözlər İsrailin paytaxtı Təl-Əvivdə qaldığımız otelin, nə qədər qəribə də olsa, yuyunma otağının şüşəsinə yazılmışdı. Sözsüz ki, bura gəlməmişdən hər bir insanın beyninə müxtəlif fikirlər dolaşmağa başlayır. Çünki yəhudilər və müsəlman dünyası arasındakı münasibətlər elə də isti deyil.

Elə İstanbul - Təl-Əviv təyyarəsi üçün gözləmə salonundakı yoxlamadan da bunu duymaq çətin deyildi. Türk mühafizəçilərin pasport və əşya yoxlaması apardığı vaxt onların sanki yəhudi olduqlarını düşünürdün. Hətta bizimlə eyni yolu öz ansamblı ilə gedən müğənni, daha doğrusu, Faytonçu Nazimin bu yoxlamaya etirazını gördükdə belə fikir adama daha da hakim kəsilirdi.

Xoşbəxtlikdən, Təl-Əvivin "Ben Qurion" hava limanındakı yoxlama düşündüyümüz qədər vaxt aparmadı. Təyyarədən çölə çıxar-çıxmaz bizi əlində "Neftçi" loqolu kağızla qarşılayan xanım pasport qeydiyyatından problemsiz keçməyimiz üçün əlindən gələn köməyi göstərdi. Həmin xanım yerli "Bney Yehuda" ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün bizdən bir saat əvvəl Təl-Əvivə gələn "Neftçi" klubunun təşəbbüsü ilə ayrılmışdı. Bizi növbədə çox qalmamağımız üçün əlillərin pasport qeydiyyatının aparıldığı yerə gətirən xanım orada da çox gözlətməyə qoymadı. Amma pasportumuz özümüzə qaytarılmazdan əvvəl gözləmə otağına göndərildik. Daha sonra üzərində fotomuzun da əks olunduğu kart verərək, bərk-bərk tapşırdılar ki, bunu geri qayıdanadək itirməyək. Yoxsa dönüşdə bizə problem yarana bilər.

Təl-Əvivə gəlişimiz günün günorta çağına təsadüf etmişdi. Bakıdakı qeyri-sabit havalardan sonra qızmar günəş şüaları altında qovrulan şəhərə düşmüşdük. Amma Azərbaycan və İsrail paytaxtlarını birləşdirən məqam onların dəniz kənarında yerləşmələri idi. Hə, bir də göydələnləri. 70 yaşlı ölkənin paytaxtındakı binaların çoxu yeni idi.

Müsəlman ölkələri ilə əhatə olunmuş İsraildə şəhər anlayışını nisbi saymaq da olar. Burada Təl-Əvivlə digər şəhərlər arasında demək olar ki, sərhəd belə yoxdur. Müqayisə etsək, Bakı ətrafındakı hansısa qəsəbə boyda yaşayış məntəqəsinə belə İstaildə şəhər deyirlər. Ona görə də "Bney Yehuda"nın "Neftçi" ilə cavab oyununun Petar-Tikvaya salınması hardasa təəccüblü deyildi. Həm də bu klubun ev oyunlarını keçirdiyi "Blumfild" stadionu iki ildir təmirdədir.

“Burada iki ildir yaşayıram. İsrailə səhhətimdəki problemlərlə əlaqədar gəlmişdim. Sonradan elə alındı ki, qalası oldum”. Bunu qaldığımız otelin restoranının azərbaycanlı aşpazı dedi. Restoranda təkcə yerli deyil, həm də Qafqaz mətbəxi də təqdim olunur. Azərbaycan yeməklərinin hazırlanmasında xeyli istiqanlı təsir bağışlayan həmyerlimizin rolu böyükdür. Ağdaşlı soydaşımız doğma Vətənindən əlavə, İsrailə bağlılığını da gizlətmirdi. O, ərəblərə mənfi münasibəti inkar edir, öz hüquqlarını bilən hər kəsin burada rahat yaşaya bildiyini iddia edirdi.

Doğrudan da İsraildə müxtəlif ölkələrin nümayəndələrinə rast gəlmək olar. Onların arasında postsovet məkanından gəlmələrlə addımbaşı rastlaşmaq mümkündür. Başqa sözlə, rusca danışanların sayı heç də az deyil. Keçmiş SSRİ-nin dağılmasından sonra – 1990-cı illərdə İsrailə təkcə yəhudilər deyil, demək olar ki, bütün 15 müttəfiq respublikadan axın olub. İsrail dövləti isə həmin vaxt hamıya qucaq açıb.

Şəhərdə turistlərə də yetərincə rast gəlmək olar. Onları xüsusən Aralıq dənizi sahillərində gəzərkən görmək mümkündür. Burada insanlar yalnız dənizdə çimməklə kifayətlənmirlər. İstirahətə gələnlər üçün çimərlik voleybolu meydançası, trenajorlar da var. Habelə, velosipeddən yararlananlar üçün velosipedlər və xüsusi zolaqlar var.

Hazırda bu ölkənin özünəməxsus qanunları mövcuddur. Təhlükəsizliyə xüsusi önəmin verildiyi İsraildə əli silahlı əsgərlərə belə rast gəlmək olar. Avtomobillərin nömrələri isə mobil telefon nömrələrini xatırladır. Yəni, avtomobillərin hamısının nömrəsində 7-8 rəqəm əksini tapıb. İvritcə yazılan sözləri oxumaq üçün isə yalnız bu əlifbanı bilməlisən.

Gəldiyimiz günün axşamı iki komandanın iştirakı ilə mətbuat konfransları və açıq məşq nəzərdə tutulmuşdu. İlk olaraq, media önünə “Neftçi”nin baş məşqçisi Roberto Bordin çıxdı. Onun rəqib həmkarı Yozef Abuksis gələnədək isə mətbuat konfransı zalında “Bney Yehuda”nın həkimi Avraam Beyn peyda oldu. Bu, hələ Bakıdakı ilk matçda komandası yerli-yersiz yıxılaraq vaxtı uzadarkən, meydanı axsaya-axsaya tərk edən “ağsaqqal” idi. Bir anda məşhurlaşan Avraam həkim ona azərbaycanlı jurnalistlərin xüsusi maraqla yanaşmalarının səbəbini anlaya bilmirdi. Elə onun “Neftçi”nin məşqində iştirakının səbəbi də bizə sirr kimi qaldı.

Oyun ərəfəsində daha bir qəribə hal akkreditasiyalarla bağlı oldu. Stadiona keçmək üçün bizə kart yox, qolumuza bağlamaqdan ötrü adi kağız lent verildi. Onu qoluna bağlamaq və bileti göstərmək kifayət edirdi ki, tribunaya keçə biləsən. “Bney Yehuda” rəsmiləri bunu texniki problemlərlə əlaqələndirdilər.

Digər tərəfdən, 11500 tamaşaçı tutumuna malik “Ha Moşava” stadionu yarıyadək də dolmamışdı. Azarkeşlər arasında azərbaycanlıların sayı da kifayət qədər idi. İsrailin müxtəlif bölgələrindən gəlmiş fanatlar üçrəngli bayrağımızla “silahlanmışdılar”. “Neftçi” rəhbərliyi diqqətsiz qoymayaraq, hər birinə şərflər payladı.

Belə məqamlara əsasən, düşünmək olardı ki, “Neftçi” Bakıdakı 2:2 hesablı heç-heçənin əvəzini çıxaraq, İsraildən qələbə ilə qayıda biləcək. Amma “Bney Yehuda”nın yenə ağıllı müdafiə taktikası və kəskin əks-hücumları flaqmanın məğlubiyyətinə gətirib çıxardı.

Qələbə üçün nə çatmadı? İlk növbədə, istək. Bundan başqa futbolçularda yorğunluq açıq-aşkar hiss olunurdu. Əzmkar mübarizə, sürətli hücumlar qura bilməyən “Neftçi” cinahlardan da lazımınca faydalanmağı bacarmadı. Beləliklə, qrup mərhələsi xəyalları Aralıq dənizi sularına düşərək, qərq oldu.

Biz İsrailə yollanmamışdan öncə Bakıda “Qarabağ”ın Kipr APOEL-I ilə oyunundan məyus halda çıxmışdıq. Yenə eyni məyusluqla qarşılaşacağımızdan ehtiyatlanırdıq. Halbuki, ilk matçlardan sonra “Qarabağ” Çempionlar Liqası, “Neftçi”isə Avropa Liqası ilə vidalaşacağının siqnallarını verməmişdi. Hər halda biz belə düşünürdük. Amma hər ikisi baş verdi və Petar-Tikvadan stadiona qayıdarkən, otelin yuyunma otağındakı həmin sözlər gözümə sataşdı: "Dont believe everything what you think" və ya "Düşündüyün hər şeyə inanma"..   

Son xəbərlər

Orphus sistemi