İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb

İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb “Bu komandanın Avropa Liqasında rəqabət aparacağına ümid bəsləyirdim"
Futbol
23 Avqust , 2017 12:01
İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb

Bakı. 23 avqust. REPORT.AZ/ “Azərbaycanda iki ay keçirdim, lakin özümü yaxşı hiss etmirdim. “Qəbələ”nin Avropa Liqasında rəqabət aparacağına ümid bəsləyirdim. Lakin macəra tez başa çatdı”. 

“Report"un məlumatına görə, bunu “Qəbələ” klubunun sabiq futbolçusu Fransisko Xavyer Ernandes Qonzales gazetakrakowska.pl saytına açıqlamasında deyib.

İyunun 15-də “Qəbələ” ilə 1+1 şərti ilə müqavilə bağlayan 28 yaşlı ispaniyalı yarımmüdafiəçi iki ay sonra Azərbaycanı tərk etməsinin səbəblərindən söz açıb. O, sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini “qırmızı-qaralar”ın Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırması və Azərbaycan Premyer Liqasındakı legioner limiti ilə bağlı olduğunu söyləyib: “Biz Avropa Liqasından kənarlaşdırıldıq. Həmçinin, Azərbaycan Premyer Liqasında legionerlərə limit tətbiq olunur. Heyətdə yalnız 6 əcnəbi ola bilər. Halbuki, heyətimizdə 11 belə futbolçu vardı. Bu isə çətin vəziyyət yaradır".

Xavi ləqəbli futbolçu “Qəbələ”dən ayrıldıqdan sonra Polşa təmsilçisi “Krakoviya”dan təklif aldığını və dərhal qəbul etdiyini bildirib: “Agentimə Polşaya qayıtmaq istədiyimi bildirdim. Krakoviyanı ölkənin ən gözəl şəhəri hesab edirəm. Komanda mövsümə uğurlu başlamasa da, yaxşı heyəti var”.

Məşhur futbolçu olan əmisioğlu Quti Hernandez kimi “Real Madrid”in yetirməsi hesab edilən cinah oyunçusu “Kral klubu”nun əsas komandasına düşə bilməməyindən də danışıb: “Dəfələrlə bəxtsizliklə üzləşdim, dizimdən ağır zədə aldım. Kayeramda bir illik fasilə yarandı. Lakin İsveçin “Halmstad” klubundakı çıxışım sayəsində toparlandım. Daha sonra Rumıniyada “Poli Timişoara”nın formasını geyindim. Orada çoxlu sayda yaxşı komanda və istedadlı futbolçu var. Lakin təşkilatçılıq səviyyəsi Polşadan pisdir. Fikrimcə, “Krakoviya” bu mövsüm elitada qalmaq uğrunda mübarizə apamayacaq. 6 turdan sonra komandanı qiymətləndirmək çətindir. Bir neçə matçda uğurlu nəticə əldə edə bilsək, ritmi tuta biləcəyik".

Qeyd edək ki, Fransisko Xavyer Ernandes Qonzales avqustun 12-də “Qəbələ”dən getmək istəməsi ilə bağlı klub rəhbərliyinə müraciət edib və qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilib.

Son xəbərlər

Orphus sistemi