Bakı. 2 aprel. REPORT.AZ/ Topaz Premyer Liqasının XXI turunda doğma meydanda "Səbail”i 2:0 hesabı ilə məğlub edən "Neftçi” klubunun futbolçusu İqnasio Herrera oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report"un məlumatına görə, o, öncə oyun haqda danışıb:
- İlk dəqiqələrdən oyunun çətin keçəcəyini bilirdik. Bu oyuna hazır idik. Rəqibin hücuma atılıb bizi ön tərəfdə sıxmasını da gözləyirdik. Bu elə də oldu. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Rəqib bizə çətinlik yaratdı. Amma ikinci hissə istəyimizə nail olduq. Qələbə qazanan tərəf də biz olduq. Buna görə sevinirəm.
İlk hissədə oyunun alınmamağı nə ilə bağlı idi?
- Rəqibə görə birinci hissədəki oyunumuz alınmadı. Çünki rəqib yaxşı komanda yaradıb. Bizi hər tərəfdən bağlayırdılar. Hücumlarımızın qarşısını alırdılar. Buna baxmayaraq qol imkanlarımız oldu. Yaranan vəziyyətləri qola çevirə bilmədik. "Səbail” klubunda bəzi futbolçular var ki, mənimlə komanda yoldaşı olub. Bu komandanı az da olsa tanıyırlar. Ona görə oyunumuz çətin alındı.
Əsas heyətdən 3 futbolçu bu matçda meydanda yox idi. Bu komandaya çətinlik yaratdı?
- Komanda bir neçə futbolçudan ibarət deyil. Biz kollektiv bir komandayıq. 23, 24 oyunçu heyətdə varsa, deməli hamısı hər an oynamağa hazır olmalıdır. Bəzi futbolçular milli komandaların təlim-məşq toplanışında çıxış edib. Bu oyunun hazırlığında az futbolçular çıxış edirdi. Göstərə bildik ki, komandamız kollektiv olaraq, oyunlarda qələbə qazana bilir.
Növbəti tur "Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsən? Bu oyun 3-cu yerin taleyini həll edəcək?
- Çox çətin və maraqlı oyun olacaq. 3-cü yer uğrunda biz də mübarizə aparırıq. İnanıram ki, istədiyimiz nəticəni əldə edə biləcəyik. Qarşıda bir həftə var. Bu matça ciddi hazırlaşmalıyıq.
Vurduğun qollar barədə nə deyə bilərsən?
- Çox sevinirəm. Mənim vurduğum qollar komandama qələbə qazandırdı. Atama sevinc hissi yaşatdım. Çünki Çilidən gəlib. Mənim oyunumu izləyirdi. Sevinirəm ki, o, stadionda olduğu an iki qol vura bildim.
Hücumçu olmasan da, komandanın ən sərrast futbolçususan...
- Mən ən çox qol ötürməsi verəndə sevinirəm. Komandama xeyir verməyə çalışıram. Bu gün isə vurduğum qollarla xeyir verə bildim.