"İnter" Avropa Liqası öncəsi 2 aparıcı futbolçusunu itirə bilər

"İnter" Avropa Liqası öncəsi 2 aparıcı futbolçusunu itirə bilər İtaliyanın İnter klubu çətin vəziyyətə düşüb.
Futbol
24 İyun , 2020 10:07
İnter Avropa Liqası öncəsi 2 aparıcı futbolçusunu itirə bilər

İtaliyanın "İnter" klubu çətin vəziyyətə düşüb.

"Report"un "Sky Sport Italia" nəşrinə istinadən məlumatına görə, Milan təmsilçisi Avropa Liqasında (AL) cari mövsümün qalan hissəsini iki aparıcı futbolçusu olmadan keçirə bilər.

Komandanın İngiltərənin "Mançester Yunayted" və "Çelsi" komandalarından icarəyə götürdüyü Aleksis Sançeslə Viktor Mozesin müqavilələri cari mövsümün sonunadəkdir. Koronavirus pandemiyası səbəbindən martda dayandırılan Avropa Liqasının oyunları isə avqustun əvvəlində bərpa olunacaq.

Hazırda "İnter"in baş direktoru Cüzeppe Marottanın çilili və nigeriyalı oyunçuları avrokubok mövsümü başa çatanadək klubda saxlamaq üçün çalışdığı bildirilib. Legionerlərin buna görə əlavə maaş tələb edə biləcəkləri istisna olunmur.

Komandanın baş məşqçisi Antonio Konte başa düşür ki, həm Sançes, həm də Mozes önəmli futbolçulardır. İtaliyalı mütəxəssis ön xəttdə onlara güvənmək istəyir.

"Mançester Yunayted"in də Avropa Liqasında mübarizəni davam etdirməsi Sançesin "İnter"də qalmasına maneçilik törədən başlıca amil hesab olunur. Çünki bu komandalar AL-də üz-üzə gələ bilərlər. 

Qeyd edək ki, Avropa Liqası avqustun 5-6-da 1/8 final mərhələsinin "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları ilə bərpa oluncaq. Turnirin oyunları 1/4 finaldan etibarən Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq.

Son xəbərlər

Orphus sistemi