Bakı. 4 yanvar. REPORT.AZ/ İngiltərənin "Hall Siti" futbol klubu Mayk Filanı baş məşqçi postundan istefaya göndərib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın XX turunda "Vest Bromviç"ə 1:3 hesablı səfər məğlubiyyəti ilə nəticələnən oyundan sonra gerçəkləşib.
Mövsümdə 13-cü məğlubiyyətin ardından "Hall Siti" 13 xalla 20-ci pilləyə enib. Yeni baş məşqçi axtarışına start verən "Hall Siti" nəticəsi barədə yaxın vaxtlarda açıqlama verəcək.
Qeyd edək ki, Mayk Filan 2015-ci ildə klubda köməkçi-məşqçi, ötən ilin iyulundan baş məşqçi əvəzi, oktyabrdan isə baş məşqçi kimi çalışıb. O, 2008 - 2013-cü illərdə "Mançester Yunayted"də Aleks Ferqyusonun köməkçisi olub.