"Liverpul" İngiltərə Federasiya Kubokunun 4-cü turunda evdə "Şrusberi" ilə keçirəcəyi oyuna əvəzedici komandanın futbolçuları ilə çıxacaq.
"Report"un xəbərinə görə, bu barədə Liverpul təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib.
Almaniyalı mütəxəssis futbolçularına tam istirahət vermək istədiyi üçün belə addım atacağını söyləyib: "Daha öncə Premyer Liqa rəhbərliyi bizdən ilk dəfə olacaq qış fasiləsinə hörmətlə yanaşmağımızı və heç bir yoxlama görüşü keçirməməyi xahiş etdi. Biz də öz növbəmizdə qarşı tərəfə hörmətimizi nümayiş etdirəcəyik. "Şrusberi" ilə kubokun cavab matçına U-23 komandasının baş məşqçisi Nil Kritçlinin rəhbərliyi ilə gənc futbolçuları göndərəcəyəm. Çünki mən futbolçulara demişdim ki, onlara tam olaraq iki həftəlik istirahət verəcəyəm" - Klopp deyib.
Qeyd edək ki, reqlamentə əsasən "Liverpul" və "Şrusberi" komandaları arasındakı ilk görüşdə (2:2) qalib müəyyənləşmədiyi üçün adı çəkilən klublar yenidən üz-üzə gələcək. Fevralın 4-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.