Klublarımız üçün su cəriməsi: Səbəb qiymət artımıdır, yoxsa...? - ARAŞDIRMA

Klublarımız üçün su cəriməsi: Səbəb qiymət artımıdır, yoxsa...? - ARAŞDIRMA Futbol üzrə Azərbaycan I Divizionundakı iki qarşılaşmada su qıtlığı yaranıb
Futbol
126
17 Fevral , 2021 13:04
Klublarımız üçün su cəriməsi: Səbəb qiymət artımıdır, yoxsa...? - ARAŞDIRMA

Futbol üzrə Azərbaycan I Divizionundakı iki qarşılaşmada su qıtlığı yaranıb.

"Report"un məlumatına görə, AFFA İntizam Komitəsi "Sumqayıt-2" ilə XII tur matçında hakimləri isti su ilə təmin etmədiyi üçün "Qaradağ Lökbatan"a 80 manat cərimə kəsib. Bu görüş Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilib və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

"Zaqatala" isə "Kəpəz"lə dueldə meydanı vaxtında sulamadığı üçün 80 manat cərimələnib. Zaqatala Olimpiya Kompleksinin stadionunda gerçəkləşmiş oyundan yerli komanda üstün ayrılıb - 2:0.

Daha əvvəl "Qəbələ" və "Qarabağ" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə də analoji situasiya yaşanıb. 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov meydanı fasilə vaxtı sulamaq istəklərinə "Qəbələ" klubundan mənfi cavab aldıqlarını bildirib.

"Qaradağ Lökbatan" klubunun icraçı direktoru Bəbir Həsənov "Report"a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, suyun verilməsində texniki səbəblərə görə problem yaranıb: "Həmin vaxt paslanma olub və su verilməyib. Sonra problem aradan qalxdı, amma bizə cərimə verildi. Su borusu məhz oyun günü xarab olub. Ona görə problem yaşanıb".

Sosial şəbəkələrdə hadisənin suyun qiymətinin artımı ilə bağlı olduğu yazılıb. Məmmədov bu fikirlə razılaşmayıb: "Bu, bizdən asılı məsələ deyil, texniki problemdir. İstəməzdik ki, belə hadisə olsun. Gərək olmayaydı, amma nə edə bilərik? Tək hakimlər otağında yox, futbolçuların paltardəyişmə otağında da isti su olmayıb. Problem sonradan aradan qalxsa da, bir az gec idi. Amma yenə də bizə cərimə yazılıb".

"Zaqatala" komandanın baş məşqçisi Rüstəm Məmmədov isə qış fəslində meydanı sulamadıqlarını deyib: "Biz ümumiyyətlə meydanı sulamırıq. Qış vaxtı su olanda borular partlayır".

Məmmədov "Qışdakı ev oyunlarında meydanı sulamasınız, hər oyun cərimələnəcəksiniz" sualına bu cür cavab verib: "Mən bu məsələnin dərinliyinə getməmişəm. Yəqin ki, klub rəhbərliyi onu daha yaxşı bilər. Amma reqlamentdə elə şey yoxdur ki, mütləq meydan sulanmalıdır. Bəzi meydanlar heç sulanmır. Qərarda yazılıb ki, meydanı vaxtında sulamadığımıza görə cəzalanmışıq. Biz vaxtından gec sulasaydıq, razılaşardım. Ümumiyyətlə, meydanı sulamırıqsa, burada hansı meydanın gec sulanmasından söhbət gedə bilər ki? Bizdə ümumiyyətlə su yoxdur, meydana su vurulmur. Meydanı ümumiyyətlə sulamırıq (gülür). Biz heç sulamamışıqsa, vaxtında sulanmayıb, nə qərardır? Heç qış aylarında su vurmuruq".

Məmmədovun fikrincə, belə bir qərar anlaşılmazlıqdan irəli gəlir: "Yəqin ki, nə isə səhv olub, elə bir qərar ola bilməz. Meydançanı sulamaq üçün vaxt var. Razıyam, o vaxtdan sonra sulasaydıq, səhv etmiş olar, cəriməni haqlı sayardıq. Amma burada bir məsələ var ki, biz ümumiyyətlə meydanı sulamamışıq. Vaxtından gec və ya tez sulamaqdan söhbət gedə bilməz. Cəriməni klub rəhbərliyi ödəyəcək, bu, onların aydınlaşdırmalı olduğu məsələdir".

Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov "Report"a bildirib ki, oyun meydanı hava şəraitinə uyğun olaraq 60 dəqiqə əvvəl sulanmalıdır: "Bu, əsasnamənin tələbidir. Fasilədə və matça 15 dəq qalmış ev sahibi klub qərar verə bilər ki, ot örtüyünü sulayım, ya sulamayıb. "Zaqatala"nın əvvəlki oyunlarında meydanı sulayıb-sulamadığını bilmirəm. Raportda belə qeydlə rastlaşmamışam. Son olaraq, raportda göstərilib ki, meydan vaxtında, yəni 60 dəqiqə əvvəl sulanmayıb. Bu səbəbdən, klub cərimələnib. Burada hər hansı qanunauyğunsuzluq yoxdur".

 Elgiz Abbasov
Elgiz Abbasov

Abbasovun sözlərinə görə, suyun qiymətinin bahalaşmasına görə klublar hər hansı problemlə qarşılaşmayıblar: "Bizə belə müraciət daxil olmayıb. İntizam Komitələrində belə məqamlar nadir hallarda olur. Oyunun təşkili ilə bağlı stadionların infrastrukturunda ciddi problemlərimiz olmayıb. Olsa da, əvvəlcədən bilirik və aradan qaldırırıq. Təşviş zamanı ortaya çıxan məsələlər üçün vaxt verilir ki, aradan qaldırılsın. Oyun zamanı çıxan məsələlər isə bəzən yerində həll edilir, bəzən isə cərimələrə səbəb olur.

"Qəbələ"nin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də "Report"a açıqlamasında "Qarabağ"la görüşün ikinci hissəsindən əvvəl meydanı baş məşqçi Elmar Baxşıyev və futbolçuların istəyi ilə sualamadıqlarını söyləyib: "Əsasnaməyə görə futbol meydanı oyundan 60 dəqiqə əvvəl mütləq sulanmalıdır. Oyunun startına 15 dəq qalmış və fasilədə meydanın sulanması ev sahibi komandanın istəyindən asılıdır. Həmin vaxt biz meydan sahibi olduğumuz üçün sulanma komanda üzvlərinin və baş məşqçinin istəyinə uyğun olur. Baş məşqçi Elmar Baxşıyev də hesab edib ki, lazım deyil, ona görə sulanmayıb. Buna rəqib komanda yox, meydan sahibi qərar verir".

"Bakı" klubunun sabiq icraçı direktoru Yaşar Seyidov isə "Report"a bildirib ki, oyundan əvvəl meydanın sulanmasına 20 - 25 kubmetr, fasilə vaxtı 10 - 15 kubmetr su sərf olunur.

Tarif (qiymət) Şurasının qərarı ilə fevralın 1-dən suyun qiyməti ikiqat artırılıb. Bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Qeyri-əhali üçün isə suyun bir kubmetrinin qiyməti tullantı sularının axıdılması xidməti ilə birgə 2 manatdır. Tarif Şurası bu xidmətin qiymətində dəyişiklik etməyib.

Bu isə o anlama gəlir ki, ya klubların göstərdikləri səbəblər tam həqiqətdir, ya da onlar su təchizatına qoşulmanı qeyri-əhali yox, əhali kateqoriyası üzrə qeydiyyata aldırıblar.

Son xəbərlər

Orphus sistemi