Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin "Gənclərbirliyi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Report"un məlumatına görə, Ankara təmsilçisi Braziliyanın "Atletiko Paranaense" klubunda çıxış edən Badi ilə 2,5 illik müqavilə imzalayıb.
Mərasim Türkiyədəki xəstəxanaların birində keçirilib. Buna klub prezidenti İlhan Cavcavın orada müalicə alması səbəb olub. 28 yaşlı yarımmüdafiəçi və meneceri klubun qərarını təəccüblə qarşılayıb. Badi yerli mətbuata açıqlamasında bunu özü üçün qeyri-adi müqavilə adlandırıb: "Avtomobildə ikən xəstəxanaya gedəcəyimi bilmirdim. Klub prezidenti mənə bədəncə zəifləmiş kimi göründü. Amma hər şeylə maraqlanırdı. Mənim haqqımda məlumatlandırıldıqdan sonra transferimə razılıq verib".
Qeyd edək ki, İlhan Cavcav 40 ildən çoxdur "Gənclərbirliyi"nin prezidentidir.

