Futbol üzrə Topaz Premyer Liqasında XII turun daha iki oyunu keçirilib

Futbol üzrə Topaz Premyer Liqasında XII turun daha iki oyunu keçirilib Tura sabah keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq
Futbol
18 Noyabr , 2017 17:32
Futbol üzrə Topaz Premyer Liqasında XII turun daha iki oyunu keçirilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasında XII turun daha iki oyunu keçirilib.

"Report" xəbər verir ki, turun ikinci oyun günü meydan sahiblərinin məğlubiyyəti ilə əlamətdar olub. 

"Keşlə" klubu "İnter Arena"da turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Zirə"ni qəbul edib. Görüşün taleyini Milan Düriçin 18-ci dəqiqədə vurduğu qol həll edib. Bununla da xallarını 27-yə çatdıran "Zirə" mövqeyini möhkəmləndirib. "Keşlə" isə ardıcıl 6-cı, yeni baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında isə 2-ci məğlubiyyətini alıb. Hazırda bu komanda 7 xalla 8-ci pillədə qərarlaşıb.

"Kəpəz" klubu isə Gəncə şəhər stadionunda "Səbail"i qəbul edib. Görüşün startı kifayət qədər gərgin alınıb. 5-ci dəqiqədə Səbail" penalti vurmaq imkanı qazanıb. Aleksandr Popoviç bu imkandan yararlanıb. Cəmi bir dəqiqə sonra Dedimar Fereyra qırmızı vərəqə alaraq "Kəpəz"i azlıqda qoyub. 16-cı dəqiqədə Ayron Stati "Səbail"in ikinci qolunu vurub. Bununla belə, meydan sahibləri 10 futbolçu ilə 2 qol vuraraq hesabı bərabərləşdirməyə müvəffəq olub. Fasiləyədək İlyas Səfərzadə və penaltidən Kərim Diniyev fərqlənib. Lakin fasilədən sonra "Səbail" təcrübəli hücumçusu Vüqar Nadirovun qolu ilə hesabda qələbəyə nail olub - 3:2.

Bununla da "Kəpəz" mövsümdə 9-cu məğlubiyyətlə üzləşib. Hazırda Gəncə komandası 8 xalla 7-ci pillədədir. 4-cü qələbəsini qazanan "Səbail" isə 12 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edərək 28 xalla liderliyini qoruyub. Tura sabah keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

13:00. "Keşlə” – "Zirə” - 0:1

Qol: Milan Düriç, 18

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

"İnter Arena”

15:00. "Kəpəz” – "Səbail” - 2:3

Qollar: İlyas Səfərzadə, 28. Kərim Diniyev, 36-penalti ilə - Aleksandr Popoviçi, 5-penalti ilə. Ayron Stati, 16. Vüqar Nadirov, 56

Qırmızı vərəqə: Dedimar Fereyra, 6 ("Kəpəz")

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Qasımov Eldar

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

Son xəbərlər

Orphus sistemi