Bakı. 10 iyun. REPORT.AZ/ Fransada futbol üzrə Avropa çempionatı başlayır.
"Report"un məlumatına görə, çempionatda ilk dəfə 24 yığma komanda 6 qrupda mübarizə aparacaq.
Turnirin Açılış Mərasimi ilk oyundan yarım saat əvvəl başlayacaq. Fransalı DJ Devid Qetta səhnəyə çıxaraq AVRO-2016-nın rəsmi himnini səsləndirəcək. Tədbirlə əlaqədar 63 ölkədən 800-ə yaxın könüllü seçilib.
Avropa çempionatının açılış oyunu Fransa və Rumıniya komandaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bir ay davam edəcək turnirin oyunları Fransanın 10 müxtəlif şəhərinin stadionunda keçiriləcək. Oyunları İngiltərə, Almaniya, Türkiyə, Şotlandiya, İsveç, Rumıniya, Rusiya, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Serbiya, Norveç, İtaliya, Sloveniya və Fransadan olan hakimlər idarə edəcəklər. A, B, C, D, E və F qruplarında mübarizə aparacaq komandalardan ilk iki yeri tutanlar 1/8 finala vəsiqə qazanacaqlar. Üstəlik, qrup mərhələsində ən yaxşı üçüncü yerin sahibi olan 4 komanda da növbəti mərhələyə yüksələcək. Qrup mərhələsinin oyunları iyunun 22-də başa çatacaq. Avropanın ən güclü yığma komandasını müəyyən edəcək qarşılaşma iyulun 10-da olacaq.
Artıq turnirin kuboku Fransadakı iki aylıq turnedən sonra Parisə gətirilib.
Avropa çempionatı, ilk tur
A qrupu
23:00. Fransa - Rumıniya
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Ventsel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Byorn Kuypers
Əlavə ehtiyat hakim: Sander van Rukel (hər ikisi Hollandiya)
Sen-Deni. "Stad de France"
Qeyd edək ki, Avropa çempionatının final oyunu iyulun 10-da keçiriləcək.