Bakı. 11 avqust. REPORT.AZ/ Almaniya Kubokunun 1/32 final mərhələsində keçirilən "Osnabryuk" və "Leyptsiq" komandaları arasındakı görüş vaxtından tez başa çatıb. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, buna səbəb azarkeşlərin meydana yad əşyalar atması olub.
Azarkeşlərdən birinin atdığı alışqan matçın baş hakimi Martin Petersenin başına tuş gəlib. Xəsarət alan baş hakim meydanı tərk edib və sonra oyunun dayandırılmasına qərar verilib.
Məlumatda bildirilir ki, hakim hazırda xəstəxanadadır və Almaniya Futbol Federasiyası bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Oyunun qalan vaxtının nə vaxt keçiriləcəyi hələlik dəqiqləşməyib.
Qeyd edək ki, hadisə baş verən ana qədər "Osnabryuk" 1:0 hesabı ilə öndə idi.