Fritz Ştuxlik: "VAR-dan istifadəyə fevralda başlaya bilməyəcəyik"

Fritz Ştuxlik: "VAR-dan istifadəyə fevralda başlaya bilməyəcəyik" "AFFA və mən müqaviləyə sadiqik və ona görə də sözləşməm bitməmiş ölkəni tərk etməyəcəyəm. Ola bilər ki, biz gələcək əməkdaşlıq haqqında razılığa gələk"
Futbol
17 Yanvar , 2022 17:13
Fritz Ştuxlik: VAR-dan istifadəyə fevralda başlaya bilməyəcəyik
Frits Stuxlik

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin "Report"a müsahibəsi

- Hakimlər məşqlərə nə vaxt başlayıb və mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?

- Hakimlər yanvarın 3-də bir araya gələrək hazırlığa başlayıblar. Proses Bakı Olimpiya Stadionunda ümumi məşqlərlə start götürüb. Bu gündən isə hazırlqlarımız sinif otağı iclasları ilə davam edəcək. Fasilə bitənədək həftədə 3 dəfə dərs keçəcəyik.

- Təlim-məşq toplanışında neçə hakim iştirak edir?

- Əslində buna təlim-məşq toplanışı demək olmaz. Məşq və iclaslarda Premyer Liqada idarəçilik edən bütün hakimlər iştirak edir.

- Tam heyətlə hazırlıq keçə bilirsinizmi və hakimlər arasında koronavirusa yoluxma halları aşkarlanmayıb?

- Hazırda bir koronavirus xəstəmiz var. Lakin onun adının açıqlanmağını doğru hesab etmirəm. Sizdən də hakimlərin şəxi həyatına hörmətlə yanaşmağınızı xahiş edirəm.

- Hakimlər bu dəfə də qış hazırlığını Bakıda keçir. Ölkə xaricinə yollanmağa nə mane oldu?

- Hazırlaşmaq üçün Bakıda da lazımi şərait var. Təlimlər, iclaslar keçiririk. Təlim-məşq toplanışı zamanı hakimlər əlavə olaraq, oyunlar idarə etməyəcəkdilər. Amma onlar bunu Bakıda edə bilirlər ki, bu da daha yaxşı imkanlar verir.

- Dekabrın sonunda Premyer Liqa hakimləri FIFA-nın təşkil etdiyi VAR (video-köməkçi hakim) seminarlarına qatıldılar. Onların arasında VAR sertifikatı alanlar oldu?

- İndiyədək heç birinə sertifikat verilməyib. Çünki təlimlərin bir hissəsi başa çatmayıb. Hər hakim üçün tam oyunlar lazımdır. Onlar orada həm VAR hakimi, həm VAR köməkçisi, həm də meydanda referi kimi iş başında olmalıdırlar.

- Mövsümün ikinci yarısından Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı gözlənilirdi. Bu proses nə yerdədir?

- Əminliklə deyə bilərəm ki, VAR-dan istifadəyə fevral əvvəlindən başlaya bilməyəcəyik. Çünki avadanlıq hələ də Bakıya gəlməyib. Problem avtomobil istehsalında və ya oxşar sahələrdə olduğu kimidir: Çiplər mövcud deyil və buna görə də istehsal dayanıb.

- Yəni, deyirsiniz ki, bununla bağlı hər hansı yenilik yoxdur...

- Həqiqətən yeni heç nə yoxdur. Çünki biz hələ də FİFA-nın tətbiqi prosesini izləyirik.

- Mətbuatda sizin vaxtından əvvəl Azərbaycanı tərk edə biləcəyiniz barədə məlumatlar yayılıb. AFFA ilə müqaviləniz nə vaxt başa çatacaq?

- Müqavilələr həmişə iki və ya daha çox tərəf arasında bağlanır və ictimaiyyət üçün nəzərdə tutulmur. Yadınızdadırsa, AFFA İcraiyyə Komitəsi ötən ilin yayında mənimlə davam etmək qərarına gəlib. Fikrimcə, hər iki tərəf - AFFA və mən müqaviləyə sadiqik və ona görə də sözləşməm bitməmiş ölkəni tərk etməyəcəyəm. Ola bilər ki, biz gələcək əməkdaşlıq haqqında razılığa gələk.

- Keçmiş referi Rəhim Həsənov karyerasını bitirdikdən sonra sizin haqqınızda bəzi mənfi fikirlər səsləndirib. Onun sözlərinə görə, siz oyunlar zamanı səhvlərə yol verən hakimlərə haqq qazandırırsınız, hətta "Səhvlər edin ki, Azərbaycan çempionatına VAR sistemi gəlsin" demisiniz...

- Hər bir şəxsin mənim işim və ya əməkdaşlığımızın dayandırılması barədə dediklərinə fikir verirəm. Hər gedənin öz baxış bucağı olur və onu da ifadə edir. Rəhimin artıq hakim olmamasının səbəbini hər ikimiz yaxşı bilirik. Ona görə də bu məsələyə bir daha qayıtmayacaq, əlavə şərh verməyəcəyəm.

Son xəbərlər

Orphus sistemi