Fransa Argentinanı məğlub edərək 1/4 finala çıxıb - VİDEO

Fransa Argentinanı məğlub edərək 1/4 finala çıxıb - VİDEO Bakı. 30 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin ilk oyunu baş tutub.
Futbol
30 İyun , 2018 19:55
Fransa Argentinanı məğlub edərək 1/4 finala çıxıb - VİDEO

Bakı. 30 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin ilk oyunu baş tutub.

"Report" xəbər verir ki, "Kazan Arena"da son dünya çempionatının finalçısı Argentina ilə son Avropa vitse-çempionu Fransa yığmaları üz-üzə gəlib.

Görüş Fransanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Antuan Qrizmann açıb. Fransalı hücumçu komanda yoldaşı Kilian Mbappeyə qarşı kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.

41-ci dəqiqədə Anxel Di Maria uzaqdan qüvvətli zərbə ilə bərabərlik qolunu vurub. 48-ci dəqiqədə Qabriel Merkado Argentinanı hesabda önə çıxarıb. Lakin 57-ci dəqiqədə Benjamen Pavar Fransanın bərabərlik qoluna imza atıb. Qələbə toplarının müəllifi isə 64 və 68-ci dəqiqələrdə Mbappe vurub. O, komandasını növbəti mərhələyə yüksəltməklə yanaşı, oyunun ən yaxşı futbolçusu seçilib. Uzatma dəqiqələrində Serxio Aqüeronun təsəlli qolu isə heç nəyi dəyişməyib.

Fransa yığması 1/4 finalda Uruqvay - Portuqaliya görüşünün qalibi ilə üz-üzə gələcək. Bu gün Soçidəki "Fişt" stadionunda keçiriləcək matç saat 22:00-da başlanacaq.

DÇ-2018, 1/8 final

18:00. Fransa - Argentina - 4:3

Qollar: Antuan Qrizmann, 13 (penalti ilə). Benjamen Pavar, 57. Kilian Mbappe, 64; 68 - Anxel Di Maria, 41. Qabriel Merkado, 48. Serxio Aqüero, 90+3

Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili)

Kazan, "Kazan Arena"

Son xəbərlər

Orphus sistemi