Bakı. 8 dekabr. REPORT.AZ/ "Heç vaxt məğlubiyyəti gözümüzün qabağına gətirmirik və çalışırıq ki, mümkün qədər qol vuraq. Gözəl oyun göstərən komandaya qarşı oynadıq. Gözəl hücum futbolu oynadıqları üçün Qurban Qurbanovu təbrik edirəm".
"Report"un məlumatına görə, bunu İtaliyanın "Fiorentina" klubunun baş məşqçisi Paulu Souza Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la Bakıdakı oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis 2:1 hesablı qələbə qazanmalarına baxmayaraq, komandası üçün oyunun heç də asan olmadığını bildirib: "Bir daha təkrar edirəm. Gözəl hücum futbolu oynayan rəqiblə üz-üzə gəldik. Qələbə qazanmağı bacardıq. Hər oyunda məqsəd qələbə qazanmaqdır və belə davam etməyə çalışacağıq. Bizim üçün hər bir futbolçunun inkişafı çox vacibdir. Onların inkişafına və komandaya inteqrasiyasına böyük əhəmiyyət veririk. Ötən ilki oyunla müqayisədə bu ilki nəticələrdə irəliləyiş var. Ümid edirik ki, belə davam edəcəyik".
Qeyd edək ki, "Fiorentina" J qrupunu 13 xalla qrup lideri kimi başa vurub.