"Fiorentina"nın baş məşqçisi: "Qarabağ"a xüsusi hörmətimiz var"

"Fiorentina"nın baş məşqçisi: "Qarabağ"a xüsusi hörmətimiz var" Jurnalistlər əcnəbi mütəxəssisə "Qarabağ"ın tarixçəsi haqda qısa məlumat verib
Futbol
7 Dekabr , 2016 20:01
Fiorentinanın baş məşqçisi: Qarabağa xüsusi hörmətimiz var

Bakı. 7 dekabr. REPORT.AZ/ "Bütün rəqiblərə qarşı hörmətlə yanaşmışıq. "Qarabağ"a da xüsusi hörmətimiz var. Güclü baş məşqçiləri, yerli və əcnəbi futbolçuları var". 

"Report"un məlumatına görə, bunu İtaliyanın "Fiorentina" klubunun baş məşqçisi Paulu Souza Avropa Liqasının qrup mərhələsinin son turunda sabah "Qarabağ"la Bakıda keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında bildirib.

P.Souza oyun haqda bunları bildirib: "PAOK-la oyunda qələbə üçün meydana çıxmışdıq. Əlimizdən gələni etdik, amma məğlub olduq. "Qarabağ"ı İtaliyada böyük hesabla məğlub etməyimizə baxmayaraq, ilk 20-25 dəqiqələrdə çox güclü futbol oynadı. "Qarabağ" güclü komandalardan biridir. Məqsədimiz güclü rəqiblərə ciddi yanaşıb, qələbə qazanmaqdır. Futbolun gözəlliyi ondadır ki, hər hansı sürprizlə qarşılaşırsan. Demək olar ki, qrupdan çıxmışıq. Amma bu bizə çox rahat oynamağa imkan vermir. Üç qapıçımız var. Təcrübə oynanılaraq qazanılır. Sabahkı oyunda hansı qapıçının meydana çıxacağı sirr olaraq qalsın".

Baş məşqçi start heyətini oyundan öncə açıqlamaq istəməyib: "Mən oyunçularımdan əvvəl jurnalistlərlə danışmıram. Start heyətini italiyalı jurnalistlərdən soruşsanız, daha yaxşı olar. Onlar hər oyundan əvvəl bunu düzgün tapır".

P.Souza "Qarabağ adının tarixçəsini bilirsinizmi?" sualını belə cavablandırıb: "Təəssüf ki, mənasını bilmirəm. Bir şeyi bilirəm ki, bu komanda güclü səyləri nəticəsində Avropada özündən söz etdirir".

Sonda yerli jurnalistlər əcnəbi mütəxəssisə "Qarabağ"ın tarixçəsi haqda qısa məlumat verib.

Son xəbərlər

Orphus sistemi