Bakı. 22 mart. REPORT.AZ/ Futbol üzrə Belçika milli komandasının keçmiş baş məşqçisi Mark Vilmots Fildişi Sahilinə rəhbərlik edəcək.
"Report" xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Saytda 48 yaşlı mütəxəssislə bağlanan müqavilənin müddəti barədə məlumat verilmir. Həmçinin Vilmotsun Fildişi Sahilinin martın 24 və 27-də müvafiq olaraq Rusiya və Seneqal yığmalarına qarşı keçiriləcək yoldaşlıq oyunlarında milliyə rəhbərlik edib-etməyəcəyi də məlum deyil.
Vilmots 2012-ci ildən 2016-ci ilə qədər Belçika yığmasını çalışdırıb və komanda ilə DÇ-2014 və Avro-2016-nın ¼ finalına qədər yüksəlib. Fransada keçirilən turnirdən sonra o, postunu tərk edib.