Bu gün FİFA prezidenti seçkisi keçiriləcək

Bu gün FİFA prezidenti seçkisi keçiriləcək Seçki son günlər qurumda baş verən korrupsiya qalmaqalları və həbslər fonunda gerçəkləşəcək
Futbol
29 May , 2015 09:49
Bu gün FİFA prezidenti seçkisi keçiriləcək

Bakı. 29 may. REPORT.AZ/ Bu gün İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisi keçiriləcək. "Report"un məlumatına görə, seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutacaq.

Bu vəzifə uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatterlə İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn mübarizə aparır. Seçki son günlər qurumda baş verən korrupsiya qalmaqalları və aralarında 2 vitse-prezident də olmaqla, 11 məmurun həbsi fonunda gerçəkləşəcək.

Konqresin açılış nitqində Y.Blatter FİFA-nın ayrı-ayrı məmurlarının hərəkətlərini pisləyib. Onun fikrincə, belə hərəkətlərdən doğan korrupsiya qalmaqalı qurumu rüsvay edib və alçaldıb: "FİFA üçün presedenti olmayan, çətin dövrlər başlayıb. Bu hadisələrdən sonra dəyişikliklər lazımdır. Mən hər kəsi ayrıca nəzarətdə saxlaya bilmərəm. Kimsə yanlış hərəkətə yol vermək istəyirsə, bunu gizlətməyə çalışır".

FİFA prezidenti istefa vermək niyyətində olmadığını da bəyan edib. Hərçənd, UEFA prezidenti Mişel Platini ona belə bir xahişlə müraciət edib. Üstəlik, Avropa futbol qurumu bütün milli assosiasiyalara müraciət edərək, şahzadə Əlini dəstəkləməyi xahiş edib: "Mən bunu kədərlə və gözüyaşlı deyirəm. FİFA belə münasibətə layiq deyil. FİFA futbolun anasıdır. Mən Blatterdən istefa verməsini xahiş etdim. Ona "Bəsdir, Zepp!" dedim. O, məni dinlədi, amma artıq gec olduğunu bildirdi. FİFA-da dəyişikliyin yeganə yolu onun prezidentini dəyişməkdən ibarətdir".

Artıq FİFA İcraiyyə Komitəsinin üzvü və Braziliya Futbol Konfederasiyasının prezidenti Marko Polo del Nero FİFA Konqresini tərk edib. Onun seçkidə iştirak etməyəcəyi bildirilir. Amma Rusiya Futbol İttifaqı seçkidə hazırkı prezidenti dəstəkləyəcəyini bildirib. Elə FİFA-dakı mənbədən TASS-a bildirilib ki, Y.Blatter yenidən prezident seçiləcək. Bu, səsvermənin ikinci turunda baş verəcək. Qurumun hazırkı rəhbəri 120 - 130 səs yığacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək FİFA Konqresində Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi