Fərid Novruzi: "Çox yaxşı bünövrə qoymuşuq"

Fərid Novruzi: "Çox yaxşı bünövrə qoymuşuq" "Bu, ən böyük arenalardan hesab olunur, analoqu yoxdur. Beynəlxalq Çimərlik Futbolu Federasiyasının rəhbərləri də bunu etiraf ediblər. Bu da bizə Bakıdakı Avropa Oyunlarından miras qalıb. Yəni, lazımi səviyyədə infrastrukturumuz var"
Futbol
207
26 Yanvar , 2022 12:46
Fərid Novruzi: Çox yaxşı bünövrə qoymuşuq
Fərid Novruzi

"Hazırda milli komandamızda vəziyyət çox yaxşıdır. Son reytinq göstəricilərini almışıq. Azərbaycan millisi dünya reytinqində 27-ci, Avropa reytinqində isə 10-cu yerdədir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) prezidenti Fərid Novruzi deyib.

O bildirib ki, qitənin ən güclü "10-luğ"una daxil olmaq üçün yığma xeyli təlim-məşq toplanışı və turnirlərdə iştirak edib: "Dünyada 27-ci pilləyədək gəlmişiksə, Avropa 10-cu sıradayıqsa, bu, artıq inkişafın getdiyi deməkdir. Hazırda federasiyaya biz rəhbərlik edirik, çox yaxşı bünövrə qoymuşuq. Sabah başqa biri gəlsə, bu bünövrənin üzərində işlər aparmaq olar".

Hazırda uşaq çimərlik futbolunun inkişafı üzərində işlədiklərini söyləyən Novruzi bu il çimərlik futbolu üzrə U-13 liqası təşkil edəcəklərini diqqətə çatıdırb: "Fərqli turnirlər keçirməyi düşünürük. U-13, U-17 və U-20-də yarışlar təşkil edirik ki, oradan yeni simaları cəlb edək. Yəni, həm yarışlar keçirə bilək, həm də oyunçularımız olsun. Biz öz işimizi görürük. Məşqlərimiz davam edir, komandalarımıza yeni üzvlər qoşulur".

AÇFF prezidenti pandemiya üzündən böyüklər arasında Azərbaycan çempionatı keçirə bilmədiklərini açıqlayıb: "2019-cu ildə 4 komanda ilə çempionat keçirtdik. İndi müraciət edirik, bildirirlər ki, pandemiyaya görə bir araya gəlmək olmaz. Yayda uşaqlar arasında yarış keçirəndə çox sərt tələblər var idi. Onlara riayət edərək keçirdik. Əvvəllər hətta açıq havada da turnirə icazə vermirdilər".

Fərid Novruzi
Fərid Novruzi

Novruzi eyni səbəbdən, son illər beynəlxalq turnirlər təşkil etməyin çətinliklərinə də diqqət çəkib. "Son olaraq, 2018-ci ilin iyununda Bakıda Avropa Liqası baş tutmuşdu. 2019-cu ildə hazırlıq görürdük ki, 2020-ci ildə böyük turnirə ev sahibliyi edək. Pandemiya başladı və 2020-2021-ci illərdə heç bir fəaliyyət göstərə bilmədik. 2020-ci ildə dünya arenasına çıxa bilmədik. Bütün növlər kimi, çimərlik futbolu da gözləmə mövqeyində idi. 2021-ci ildə Portuqaliyada turnirdə iştirak etdik. Komandamız özünü çox yaxşı göstərdi, 1/4 finaladək irəlilədik. Sonra İsveçlə oyunda yarımfinala adlaya bilmədik".

Federasiya rəhbərinin sözlərinə görə, hazırda Bakıda çimərlik futbolunun inkişafı üçün yaxşı infrastruktur yaradılıb. Novruzi Bayılda Su İdman Sarayının yanında yerləşən stadionun Bakı-2015 I Avropa Oyunlarından onlara miras qaldığını vurğulayıb: "Bu, ən böyük arenalardan hesab olunur, analoqu yoxdur. Beynəlxalq Çimərlik Futbolu Federasiyasının rəhbərləri də bunu etiraf ediblər. Bu da bizə Bakıdakı Avropa Oyunlarından miras qalıb. Yəni, lazımi səviyyədə infrastrukturumuz var".

Çimərlik futbolu təkcə Bakı-2015-də deyil, Minsk-2019 II Avropa Oyunlarının da proqramında yer alıb. Lakin bu idman növü hələ də Yay Olimpiya Oyunlarının proqramına salınmayıb. Halbuki, Atlanta-1996-dan başlayaraq, olimpiadalarda çimərlik voleybolu da təmsil olunur.

Novruzi bunu əvvəllər çimərlik futbolunda gender bərabərliyinin təmin olunmaması ilə əlaqələndirib: "Olimpiadada həm qadınlar, həm də kişilər iştirak etməlidir. Bu qaydaya son zamanlar xüsusi diqqət yetirilir. Son 4 ildə qadın çimərlik futbolu da inkişaf etməyə başlayıb. Bəlli bir səviyyəyə çatandan sonra yəqin ki, çimərlik futbolunun olimpiadalarda təmsil olunması üçün müvafiq qaydada müraciət ediləcək".

Qeyd edək ki, Fərid Novruzi ilk dəfə AÇFF-ə 2008-ci ildə prezident seçilib.

Son xəbərlər

Orphus sistemi