Fərhad Vəliyev: "Orada mənim səhvim yox idi"

Fərhad Vəliyev: "Orada mənim səhvim yox idi" Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Kubokunun yarımfinal mərhələsində səfərdə Keşləyə 0:1 hesabı ilə məğlub olan Sumqayıtın qapıçısı Fərhad Vəliyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
12 Aprel , 2018 20:54
Fərhad Vəliyev: Orada mənim səhvim yox idi

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Kubokunun yarımfinal mərhələsində səfərdə "Keşlə"yə 0:1 hesabı ilə məğlub olan "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Report"un məlumatına görə, o, öncə oyun haqqında fikirlərini bölüşüb:

"Çempionat oyunundan sonra uşaqlarda yorğunluq hiss olundu. Ümumi götürsək, birinci hissə "Keşlə"nin üstünlüyü şəraitində keçdi. İkinci hissədə də qapımızdan top buraxmaya bilərdik. Lakin 90-cı dəqiqədə cərimə zərbəsindən sonra qapımızda qol gördük. Lakin biz əlimizi yanımıza salmırıq. Öz meydanımızdakı cavab görüşündə mərhələ adlamağa çalışacağıq".

- Sanki qolun hansı istiqamətə vurulacağını bilirdiniz...

- Həmin istiqamətə zərbə endirəcəyini də, ötürmə verə biləcəyini də gözləyirdim. Mövqeyimi də seçmişdim. Lakin zərbə güclü idi. Topu qaytarmaq üçün əlimdən gələni etsəm də, dəf edə bilmədim.

- "Sumqayıt" çempionatda inamlı çıxış etsə də, kubok matçında "Keşlə"nin qapısına doğru normal hücum edə bilmədi. Bunun səbəbini nədə görürsünüz?

- Ola bilsin, bu, yorğunluqdan irəli gəlir. Çünki 3 gündənbir oyunlar keçiririk. Əsas heyətimizin 3-4 oyunçusu bu gün çıxış etmirdi. Bəziləri zədəli, bəziləri cəzalı idi. Doğma meydanda qələbə qazanıb mərhələni keçməyə çalışacağıq.

- Qol epizodunda etdiyiniz səhv sizdə inamsızlıq yaratmır?

- Orada mənim səhvim yox idi. Güclü zərbə idi. Qarşısını almaq üçün əlimdən gələni etdim. Amma rəqib futbolçu fərqlənə bildi.

- Komanda daha çox 5 müdafiəçi ilə oynayır. Bu gün isə 4 müdafiəçi ilə oynadı. Bu "Sumqayıt"ın oyununa təsir göstərə bilərmi?

- Bəli. Çoxdandır 4 müdafiəçi ilə oynamırdıq. Amma məşqçi hər bir taktika ilə oynaya bilər. Futbolçular buna hazır olmalıdır. Ola bilsin ki, taktiki dəyişikliklər də oyunçulara təsir etsin.

- 0:1 hesabı da sizin üçün pis nəticə hesab oluna bilər. Doğma meydanda 1 qol buraxsanız, 3 qol vurmaq məcburiyyətində qalacaqsınız. Komanda o gücü tapa bilərmi?

- Biz inanırıq ki, finala vəsiqə qazanacağıq. Sona kimi mübarizə aparacağıq. Səfərdə uduzduq. Evdəki oyunumuz qalıb. Çalışacağıq ki, qapımızı toxunulmaz saxlayaq. Qol vurub mərhələni keçə bilərik.

- Samir Abasovun etirazına necə şərh verərdiniz?

- Çılğın məşqçidir. Ona səbrli olmağı tövsiyə edirəm. Hakim də səhv edə bilər. Hamı səhv edir. Bir az səbrli olsa, daha yaxşı olar. Onun içindən gəlir. Özünü saxlaya bilmədi.

- Baş məşqçinin texniki zonada olmamağı cavab qarşılaşmasına təsir edə bilərmi?

- Samir müəllim olsa, daha yaxşı olardı. O, ölkə xaricində olanda "Qarabağ"ı məğlub etdik. Digər məşqçilər öz tövsiyələrini verəcəklər.

Son xəbərlər

Orphus sistemi