Türkiyənin "Fənərbaxça" klubu hücumçu Mario Mancukiçə maraq göstərməsi haqqında informasiyanı şərh edib.
“Report” xəbər verir ki, klub bu barədə yayılan məlumatı təkzib edib.
"Bizim klubumuzun mövqeyi əsassız transfer şayələrini şərh etməməkdir. Amma KİV-in klubumuzla əlaqələndirdiyi bəzi adları deməyə məcburuq. Bizim Mancukiç və Dieqo Kosta ilə maraqlanmağımız barədə xəbər həqiqətə uyğun deyil", - klubun bəyanatında deyilir.
Daha əvvəl Türkiyə jurnalisti Ekrem Konur bildirib ki, "Fənərbaxça" xorvat hücumçuya 3,5 milyon avroluq razılaşma təklif edib.
Mancukiç “Əl Duhayl”a azad agent kimi qoşularaq, 2021-ci ilə qədər qüvvədə olan müqavilə imzalayıb. O, yeddi matçda bir qol vurub. Xorvat hücumçu "Bavariya", Madrid "Atletiko"su və Turin "Yuventus"unda da çıxış edib. Mancukiç Xorvatiya yığmasının heyətində 89 matçda 33 dəfə fərqlənib.