Federasiya prezidenti: "Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq"

Federasiya prezidenti: "Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq" "İndi cavab oyunu barədə düşünməliyik"
Futbol
23 Mart , 2016 17:43
Federasiya prezidenti: Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir. 

- Milli komanda dünya çempionatının "play-off" mərhələsinin ilk oyununda inamlı qələbə qazandı. Oyunla bağlı nə deyə bilərsiniz?

- Birinci hissə gərgin keçdi. Yenə müdafiədə səhvlərə yol verdik. Təcrübəmiz hesabına fasiləyə qalib yollandıq. İkinci hissənin gedişində rəqib bir qədər dayandı. Biz də həmin vaxtda ardıcıl 3 qol vurub Almere şəhərini qalib tərk etdik. Komanda qarşıya qoyulan minimum tapşırığı yerinə yetirdi. Qalır, aprelin 12-də Bakıda keçiriləcək oyuna yaxşı hazırlaşmaq.

- Deyəsən, nəticədən razı, oyundan isə narazı qaldınız?

- Nəticədən razıyıq, amma indidən sevinmək olmaz. Futbolda 4 top fərqi ilə qazanılan qələbə böyük üstünlük sayılır. Amma futzalda belə deyil. Bakıda cavab oyunu var. Bu gün oyunumuzu ağırlaşdıran səbəblər də oldu. Ən əsası örtüklə bağlıdır. Millimiz uzun müddətdir terafleks örtükdə oynamırdı. Bu örtükdə top ləng hərəkət edir. Nəticədə oyunçudan əlavə fiziki güc tələb olunur. Futzalçılarımız meydanda 3-4 dəqiqə oynamaq gücündədirlər, amma bu gün 2 dəqiqədən artıq hərəkət edə bilmirdilər. Çünki meydança çox ağır idi. Buna baxmayaraq, vacib olan qələbəni qazandıq və indi cavab oyunu barədə düşünməliyik.

- Oyundan bir gün əvvəl keçirilən məşqdən narazı qaldınız və oyunçuları sərt şəkildə danladınız. Necə düşünürsüz, onlar lazımi nəticə çıxardılarmı?

- İdmançı məşqdə də yüz faiz çalışmalıdır. Çünki orada edilən səhvlər oyunda da təkrarlanır. Həqiqətən də hiss etdim ki, oyunçular əsəbi və gərgindirlər, buna görə də tez-tez səhvlərə yol verirdilər. Sonda müdaxilə etdim. Əsas odur ki, komanda üzvləri eyni tempdə qalsınlar.

- Hər nə qədər ikinci oyunda bu hesabı nəzərə almayacağınızı desəniz də, arxayınlıq olacaq. Bunun qarşısını necə almağı düşünürsüz?

- Bakıdakı hazırlıq zamanı komanda ilə söhbətimiz olacaq. Hollandiyada qeydə alınan nəticəni unutmalıyıq. Çünki futzalda 4 top böyük fərq deyil. Oyun zamanı 3 dəqiqə ərzində 3 qol vurduq. Ona görə də nəticəni unutmağa və daha ciddi şəkildə hazırlaşmağa məcburuq.

- Futzal Hollandiyada elit idman növü sayılmasa da, arena tamamilə dolmuşdu. Bakıdakı oyunda necə, anşlaq yaratmaq mümkün olacaqmı?

- Azarkeşlərimizi aprelin 12-də Bakı İdman Sarayında, saat 20:00-da keçiriləcək cavab oyununa dəvət edirik. Almeredəki oyunda arena tamamilə dolmuşdu. Yeri gəlmişkən, Hollandiyada və Avropanın digər ölkələrində yaşayan həmvətənlərimiz bizi tək qoymadılar. Oyun boyu millimizi sona qədər dəstəklədilər. Onlara da təşəkkürümü bildirirəm. Hollandiyada da futzal populyarlaşmağa başlayıb. Ona görə də azarkeşlər arenaya gəlmişdilər. Buradakı anşlaqı biz də Bakıda yaratmağa çalışacağıq.

- Millimiz dünya çempionatına vəsiqə qazansa, heyəti gücləndirməyi düşünürsünüzmü?

- Bu barədə danışmağa tələsməyək. Çünki "play-off" mərhələsi başa çatmayıb. Hələ cavab oyunu var. Aprelin 12-dəki oyunda da qələbə qazansaq, ondan sonra baş məşqçi ilə builki çıxışımızı analiz edib müəyyən qərarlar qəbul edəcəyik.

- Yeri gəlmişkən, milli "play-off" oyunu öncəsi hansısa ölkənin yığması ilə yoxlama oyunu keçirmədi. Gələcək planlaşdırmada bu nəzərə alınacaqmı?

- Əgər dünya çempionatında oynamaq qismət olsa, ən azı, 3-4 yoldaşlıq oyunu keçirəcəyik.

Son xəbərlər

Orphus sistemi