Faruk Hacibegiç: "Sabah sanki dünya çempionu ilə oynayacağıq"

Faruk Hacibegiç: "Sabah sanki dünya çempionu ilə oynayacağıq" "Yaxşı komandaya qarşı oynayacağıq. Matça ciddi yanaşırıq. 6 xalla qrup lideri olsaq da, bu, bizim üçün elə də böyük üstünlük deyil".
Futbol
1216
9 Oktyabr , 2020 16:56
Faruk Hacibegiç: Sabah sanki dünya çempionu ilə oynayacağıq
Faruk Hacibegiç

"Yaxşı komandaya qarşı oynayacağıq. Matça ciddi yanaşırıq. 6 xalla qrup lideri olsaq da, bu, bizim üçün elə də böyük üstünlük deyil".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Bosniyalı mütəxəssis bildirib ki, sabahkı qarşılaşmada mümkün məğlubiyyət vəziyyəti çətinləşdirə bilər: "Belədə 3 yığmanın 6 xalı ola bilər. Sabah biz qalib gəlib, Lüksemburqun uduzmasını gözləməliyik. Hələlik nəticələrdən razıyam. Lakin riyazi baxımdan birinci yeri təmin etməmişik. Futbolçulardan maksimum konsentrasiya xahiş edirəm. Azərbaycan yığması azlıqda Lüksemburqa qol vurub və səfərdə Kipri udub, hörmətəlayiq komandadır. Qələbə üçün hər şeyi edəcəyik. Bu matça elə yanaşıram ki, sanki dünya çempionu ilə qarşılaşacağıq".

63 yaşlı baş məşqçi Aleksandr Şekiçin zədə səbəbindən oyunu buraxacağını söyləyib. Onun sözlərinə görə, Stefan Saviç isə cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

Azərbaycan millisinin AVRO-2004-ün seçmə mərhələsində Podqoritsada Monteneqro ilə 2:2 hesablı heç-heçəsini xatırlayan Hacibegiç keçmişə yox, gələcəyə baxmalı olduqlarını vurğulayıb: "Bizim üçün müsbət dinamika yaratmaq önəmlidir. Həmin görüşün nəticəsindən xəbərimiz var. Həmçinin bilirik ki, Azərbaycanın hələ də digər komandaları narahat etmək imkanı var. Bu, bizə də aiddir. Məqsəd rəqibə ciddi yanaşmaqdır".

Komandada ab-havanın yüksək olduğunu deyən mütəxəssis oyunçuların istəkli olduğunu bildirib: "Amma hamı ehtiyatlı olmalıdır. Çünki hər şey mümkündür. Hələ B liqasına vəsiqəni rəsmiləşdirməmişik".

Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi