Emin Mahmudov: "Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?"

Emin Mahmudov: "Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?" "Mən ən yaxşı formada olduğum vaxtda heç yoldaşlıq matçında da oynamırdım"
Futbol
442
21 Dekabr , 2020 17:43
Emin Mahmudov: Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?
Emin Mahmudov

Azərbaycan millisinin futbolçusu və "Neftçi"nin kapitanı Emin Mahmudovun "Report"a müsahibəsi

- Premyer Liqanın XII turunda səfərdə "Sabah"ı məğlub edən "Neftçi" liderliyə yüksəldi. Əvvəlcə bununla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Açığı, hazırda bizim üçün liderlik heç nəyi dəyişmir. Qarşıda hələ çox oyun qalıb. Onları fikirləşmək lazımdır.

- "Neftçi" bu mövsüm çempionluq uğrunda mübarizə aparmağa hazırdırmı və hazırkı heyət buna imkan verirmi?

- Bizə bəlkə də ən çox lazım olan şey çempionluq haqqında az danışmaqdır. Nəyə qadir olduğumuzu meydanda göstərməliyik. Heyətə gəlincə, buna indi cavab vermək çətindir. Hər şeyi zaman göstərəcək.

- Komandanız Samir Abasovun gəlişindən sonra 3 oyun keçirib və heç birində uduzmayıb. Turnir cədvəlində liderliyinizi yeni baş məşqçi ilə əlqələndirmək olar?

- Əlbəttə, olar. Hər bir baş məşqçinin öz fikri, oyun üslubu var. Biz də onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq.

- İndiyədək "Neftçi"də çox baş məşqçi ilə işləmisiniz. Samir Abasovun əsas üstünlüyü nədədir?

- İndi bu barədə heç nə deyə bilmərəm. Çünki Abasovun rəhbərliyi altında cəmi 4-5 dəfə məşq etmişəm. Amma onu deyim ki, tələbkardır. Bizdən maksimum yararlanaraq, yaxşı nəticə qazanmağa çalışır.

- Sizcə, əvvəlki baş məşqçi Füzuli Məmmədov niyə "Neftçi"də uğur qazana bilmədi?

- Əslində hansısa səbəb gətirməkdə çətinlik çəkirəm. Çünki burada bir neçə amil var. Ötən yay komandada çoxlu dəyişiklik oldu, yaxşı futbolçular "Neftçi"ni tərk etdi. Yeni transferlərə isə vaxt lazım idi.

- Komanda üzvləri arasında koronavirusa yoluxanlardan biri də siz oldunuz. Həmin vaxt ən çox nədən əziyyət çəkirdiniz?

- Daha çox belimdəki ağrılar məni narahat edirdi. 3 gün normal yata bilmədim. Sonra isə vəziyyət yavaş-yavaş düzəldi və hər şey keçdi. İndi özümü yaxşı hiss edirəm.

- "Neftçi" azarkeşləri oyununuzdan razı olsa da, kapitanlığınızı bəyənmir. Onlar hesab edirlər ki, Emin Mahmudov yumşaq xasiyyətli futbolçudur, liderlik keyfiyyətləri aşağıdır...

- Mən azarkeşlərin fikrinə qarışmıram. Siz özünüz oyunçulardan mənim yaxşı və ya pis kapitan olduğumu soruşa bilərsiniz. Çünki onlar komandanın içindədirlər və hər şeyi bilirlər. Ya futbolçular, ya da baş məşqçi "kapitanı dəyişək" desə, mənim üçün problem yoxdur.

- Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupa düşdü. Rəqibləri və şansları necə qiymətləndirirsiniz?

- Onu deyə bilərəm ki, çox çətin olacaq. Qrupdakı bütün yığmalar bizdən üstündür. Portuqaliya haqqında əlavə şərhə ehtiyac yoxdur, hamı onların gücünü bilir. Serbiya son oyunda Rusiya millisinə 5 qol vurdu. Deməli, onlar da yaxşı komandadır. İrlandiyanın oyununu görməmişəm, amma bu yığma da hər zaman iddialı olub. Lükemburqu isə Millətlər Liqasında hamımız izlədik. Real yanaşsaq, şansımız azdır. Amma futbolda hər şey ola bilər.

- Millidən söz düşmüşkən, hamı sizin yığmada az oynamağınızdan şikayətlənir. Halbuki AFFA sizi milliləşdirib yığmaya cəlb etmək üçün çox əziyyət çəkmişdi. Emin Mahmudova niyə milli komandada çox şans verilmir?

- Hər bir baş məşqçinin öz sistemi var. Görünür, orada mənə yer yoxdur. Amma artıq bu barədə fikirləşmirəm. Nə olacaqsa, olsun. Mən ən yaxşı formada olduğum vaxtda heç yoldaşlıq matçında da oynamırdım. Dəvət alsam, sevinəcəyəm. Əlimdən gələni edəcəyəm ki, nəticə yaxşı olsun. Milliyə çağırılmasam da, problem yoxdur. Baş məşqçinin qərarıdır. Xoşuna gəlmirəmsə, nə edə bilərəm? Evdə dincələrəm (gülür).

- Gələn ilin martında keçiriləcək seçmə mərhələ oyunları üçün Canni De Byazidən dəvət gözləyirsiniz?

- Hazırda fikrim ancaq "Neftçi"dədir. Əsas odur ki, buradakı nəticələrimiz yaxşı olsun. Millinin oyunlarına hələ çox var.

- "Neftçi" ilə 2023-cü ilədək müqaviləniz var. Gələcək karyeranız barədə nə düşünürsünüz?

- Sözləşmənin başa çatmasına hələ 3 il var. O vaxta pandemiyadan sağ-salamat çıxsam, şükür edəcəyəm. Bundan sonra düşünmək üçün vaxtım olacaq.

- "Neftçi" 2020-ci ilin son turunda "Keşlə" ilə qarşılaşacaq. Həmin matçdan nə gözləyirsiniz?

- Meydana 3 xal üçün çıxacağıq. Qələbə üçün hər şeyi edəcəyik. Amma Premyer Liqada heç bir oyun asan keçmir. Hər şeyə hazır olmalıyıq.

Son xəbərlər

Orphus sistemi