Elxan Məmmədov: "Tezliklə millimizi də Avropa çempionatında görəcəklər"

Elxan Məmmədov: "Tezliklə millimizi də Avropa çempionatında görəcəklər" "Hesab edirik ki, iştirakçı ölkələrin azarkeşləri Bakıya uçaraq komandalarına dəstək olmalıdırlar. Bu, çox vacibdir. Onlar vizanı oyun biletini göstərərək və ya əvvəlcədən onlayn formada ala bilərlər. Burada sərt karantin yoxdur".
Futbol
8 İyun , 2021 15:29
Elxan Məmmədov: Tezliklə millimizi də Avropa çempionatında görəcəklər
Elxan Məmmədov

"Hesab edirik ki, iştirakçı ölkələrin azarkeşləri Bakıya uçaraq komandalarına dəstək olmalıdırlar. Bu, çox vacibdir. Onlar vizanı oyun biletini göstərərək və ya əvvəlcədən onlayn formada ala bilərlər. Burada sərt karantin yoxdur".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Sunsport" nəşrinə açıqlamasında AVR0-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.

Funksioner bildirib ki, azərbaycanlı azarkeşlər Bakı Olimpiya Stadionundakı matçlarda Türkiyə millisini dəstəkləyəcəklər: "Biz demək olar ki, eyni dildə danışırıq. Çünki ortaq tariximiz var. Türkiyə də bizim vətənimizdir. Hər gün Bakıdan İstanbula altı-yeddi uçuş olur. İsveçrə - Uels oyununa gəlincə, düşünürəm ki, yerli sakinlər sosial şəbəkələrdə daha aktiv olan tərəfi dəstəkləyəcəklər".

Məmmədovun sözlərinə görə, Avropa çempionatı əsl futbol bayramı olacaq: "Bu, 2-3 günlük səyahət deyil. Digər yığmalarla müqayisədə, Uels millisi Bakıda daha çox qalacaq. Dünən paytaxtımıza gələn komanda iyunun 17-də İtaliya ilə oyun üçün Romaya yollanacaq".

Azərbaycanın "Odlar yurdu" adlandırılmasına da toxunan icraçı vitse-prezident bunun ölkənin tarixi ilə bağlı olduğunu deyib: "15 - 16 əsr əvvəl burada oda sitayiş edən dini icmalar olub. Atəş məbədlərini də məhz həmin möminlər tikib".

Məmmədov bildirib ki, ən böyük arzusu Azərbaycanın nüfuzlu turnirlərdə iştirak etməsidir: "Biz indiyədək fərdi idman ölkəsi kimi tanınmışıq. Məsələn, bizdə şahmatı hər kəs oynaya bilir, dünya çempionları yetişdirmişik. Güləş, cüdo, karate və hakimlik... Bunları da həmin siyahıya salmaq olar. 1966-cı ildə İngiltərənin dünya çempionluğunu qazanmasında rolu olan və sizin "rusiyalı yan xətt hakimi" adlandırdığınız Tofiq Bəhramov əslində azərbaycanlıdır. Onun nəvəsi son vaxtlaradək AFFA-da bizimlə çalışırdı".

AFFA rəsmisi Azərbaycan millisinin qarşısında duran əsas vəzifəni də açıqlayıb: "Seçmə mərhələdə uğurlu çıxış etmək istəyirik və bunun üzərində işləyirik. Üç klubumuz - "Qarabağ", "Neftçi" və "Qəbələ" avrokubokların qrupunda oynayıb. Düşünürəm ki, tezliklə milli komandamızı da Avropa çempionatında görəcəklər".

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oyunlar müvafiq olaraq iyunun 12-də, iyunun 16-da, iyunun 20-də və iyulun 3-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi