Elxan Məmmədov: "FİFA Sammitini böyük məmnuniyyətlə keçirəcəyik"

Elxan Məmmədov: "FİFA Sammitini böyük məmnuniyyətlə keçirəcəyik" Canni İnfantino "Qarabağ" - "Çelsi" oyununu izləyə bilməyəcək
Futbol
20 Noyabr , 2017 12:55
Elxan Məmmədov: FİFA Sammitini böyük məmnuniyyətlə keçirəcəyik
AFFA-nın baş katibi Elxan Məmmədov / Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Bakıda ilk dəfə təşkil olunacaq FIFA İcraedici Futbol Sammiti qapalı olacaq.

Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, Canni İnfantino FİFA prezidenti seçildikdən sonra müxtəlif ölkələrdə belə sammitlərin keçirilməsi qərara alınıb. Bu addım ildə bir dəfə keçirilən FİFA Konqresində ali futbol qurumunun 211 üzv ölkəsi ilə gündəlik inkişaf məsələlərini müzakirə etmək üçün böyük fürsətin olmaması səbəbindən atılıb.

E.Məmmədov bildirib ki, C.İnfantino ildə təqribən 10 ölkənin sammit üçün təşkilatçı kimi seçilməsi və hər bir sammitə 10 - 20 ölkənin milli assosiasiya rəhbərlərinin dəvət edilməsi təşəbbüsünü irəli sürüb: "Qeyri-formal tədbirdə həmin rəhbər şəxslər öz aralarında futbolun inkişafı istiqamətində müzakirələr apara, FİFA prezidenti və baş katib də qatıldıqlarından, onlarla birbaşa dialoq qura bilərlər. Eyni zamanda milli assosiasiyalardakı həmkarlar arasında müzakirələrin aparılması mümkündür. Ötən il sammit CAR, ABŞ, İngiltərə, Qətər kimi ölkələrdə keçirilmişdi. Bu il isə təşkilatçı ölkələrdən biri Azərbaycandır. 15 ölkənin qatılacağı toplantını böyük məmnuniyyətlə keçirəcəyik".

Baş katib sammit iştirakçılarının noyabrın 22-də "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında Bakı Olimpiya Stadionunda təşkil olunacaq Çempionlar Liqasının V tur matçını izləyəcəklərini də vurğulayıb. Lakin o, tamaşaçılar arasında C.İnfantinonun yer almayacağını əlavə edib: "FİFA prezidentinin Bakıya səfəri birgünlük olacaq. O, noyabrın 22-də səhər saatlarında gedəcək. Lakin biz FİFA-ya və digər qonaqlara xüsusi dəvət göndərmişik. Fürsətdən istifadə edərək, onları "Qarabağ" - "Çelsi" oyununa dəvət etmişik. Bəzi milli assosiasiyalar burada qalacaqlarını təsdiqləyiblər. İnfantino isə həmin gün keçiriləcək "Yuventus" - "Barselona" matçına yox, bildiyim qədərilə digər ölkələrdə də keçiriləcək FİFA Sammitinə qatılacaq. Həm də unutmayaq ki, o, artıq Çempionlar Liqasını təşkil edən UEFA-nın yox, FİFA-nın prezidentidir".

Qeyd edək ki, FİFA Sammitinə Canni İnfantinodan əlavə, FIFA-nın baş katibi Fatma Samura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri qatılacaqlar. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

Son xəbərlər

Orphus sistemi