Elvin Məmmədov: "Qarabağ" bura təslim olmağa gəlməyəcək"

Elvin Məmmədov: "Qarabağ" bura təslim olmağa gəlməyəcək" "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq
Futbol
18 Fevral , 2021 17:44
Elvin Məmmədov: Qarabağ bura təslim olmağa gəlməyəcək

"Hər oyun kimi, "Qarabağ"la matç da bizim üçün çətin olacaq. Rəqib Azərbaycanın ən güclü komandasıdır. Yaxşı oyun göstərməyə çalışacağıq".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XV turunda evdə "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən tur derbidə "Neftçi"yə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, Ağdam klubu meydana daha iddialı çıxacaq: "Düşünürəm ki, oyuna olduqca ciddi yanaşacaq və psixoloji cəhətdən daha hazırlıqlı olacaqlar. Çünki uduzublar və bu dəfə qələbə qazanmaq istəyəcəklər. Hər şeyin fərqindəyik. Baş məşqçimiz də bununla bağlı bizə tez-tez öz tapşırıqlarını verir. "Qarabağ"a yaxşı müqavimət göstərib, yaxşı nəticə qazanmaq istəyirik".

Təcrübəli oyunçu sahkı matça ciddi yanaşdıqlarını söyləyib: "Komandamızın bir ideyası var ki, hər rəqibə qarşı mübarizə aparıb oynamaq lazımdır. Yəni qarşımıza konkret olaraq hansısa yeri tutmaq vəzifəısi qoyulmayıb. Yaxşı oynasaq, nəticə də gələcək. "Qarabağ"da psixoloji gərginlik olduğuna inanmıram. Rəqib Sumqayıta təslim olmağa gəlməyəcək. Əksinə, bütün gücü ilə oynayacaq ki, xal və ya xallar qazansın".

Qeyd edək ki, "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi