Elşad Əhmədov: "İlk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər" - YENİLƏNİB-2

Elşad Əhmədov: "İlk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər" - YENİLƏNİB-2 Bakı. 9 mart. REPORT.AZ/ Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq. 15-20 dəqiqə normal futbol oynadıq. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə uşaqlarla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq.
Futbol
9 Mart , 2019 18:54

Bakı. 9 mart. REPORT.AZ/ "Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq. 15-20 dəqiqə normal futbol oynadıq. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə uşaqlarla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov səfərdə "Keşlə"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb...

Meydanın vəziyyəti oyununuza nə dərəcədə təsir etdi?

- Ötürmələrdə hiss olunurdu ki, uşaqlar əziyyət çəkirlər. Buna baxmayaraq, oynamalı idik.

Futbolçuların fiziki gücü sanki tükənmişdi...

- Fiziki deyil, psixoloji cəhətdən bunu deyə bilərəm.

Saşa Stamenkoviçin çıxışını qiymətləndirərdiniz. Sanki hər iki qol onun səhvinin nəticəsi idi...

- Saşa bizim köməyimizə çox çatıb. O, bizim üçün lazımlı futbolçudur. Müdafiədə səhvlərimiz çox olur. Bunları araşdıracağıq.

Ardıcıl məğlubiyyətlərdən sonra düşünmürsüz ki, komandaya fərqli yanaşma lazımdır?

- Bəli, lazımdır. Uşaqlarda psixoloji durumu düzəltməyə çalışacağıq.

"Qarabağ"dan xal alandan sonra sanki arxayınlıq yaranıb...

- "Neftçi" ilə görüşdə bu ola bilərdi. Amma bu gün belə deyildi.

Təmkin Xəlilzadənin zəif çıxışının səbəbi nə idi?

- Təmkin cəmi iki gün idi ki, komanda ilə məşq edirdi. Tam hazır deyildi, bu da meydanda hiss olunurdu.


***18:30

Bakı. 9 mart. REPORT.AZ/ "Maraqlı oyun oldu. Hər iki komandanın ifasında qarşılıqlı hücumlar gördük".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Sabah" üzərində 3:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XX turunun açılış matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis xüsusən müdafiədə səhvsiz oynamalarından məmnunluqlarını vurğulayıb:

"Bu gün daha istəkli idik, komanda səhv etmədən qalib gəldi. Hücum futbolu oynayaraq, müdafiədə səhv etmədik. Bu da məni sevindirdi".

Əhmədov heyətdəki itkilərdən də danışıb:

"Conatan Ayitenin öz oyununu tapmasına sevindim. Amil Yunanov cəzalı, Klennon zədəlidir. Həmçinin Sərtan Taşqın ola bilsin ki, gələn oyuna yetişməsin. Buna baxmayaraq, komanda əzmkar futbol sərgilədi".

Baş məşqçi rəqibi düzgün təhlil etmələrinin qələbədə öz sözünü dediyini söyləyib:

"Hər bir komanda rəqibi təhlil edir. Mən öz komandamın oyununa daha çox üstünlük verirəm. Futbolçulara deyirəm ki, uduzsanız belə, oyununuzdan zövq alın. Bu gün istədiyim futbolun 60-70 faizini meydanda gördüm".


***17:51

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. 

"Report" xəbər verir ki, açılış matçında "Keşlə" "ASK Areana"da "Sabah"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Görüşdə ilk iki qolu "Keşlə"nin legioneri Conatan Ayite vurub. Fransalı hücumçu 26 və 47-ci dəqiqələrdə fərqlənib. 66-cı dəqiqədə isə Cabir Əmirli yekun hesabı müəyyənləşdirib. 

Bu nəticədən sonra "Keşlə" xallarının sayını 19-a çatdırıb. "Sabah"ın isə 21 xalı var. 

Qeyd edək ki, günün digər oyununda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq. Tura sabah keçiriləcək "Qəbələ" - "Səbail" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi