Elnur Əşrəfoğlu: "Prosineçkinin qərarı "Neftçi"nin futbolçularına dərs olmalıdır"

Elnur Əşrəfoğlu: "Prosineçkinin qərarı "Neftçi"nin futbolçularına dərs olmalıdır" "Araz Abdullayev, Elvin Yunuszadə və Rauf Əliyev papaqlarını qabaqlarına qoyub fikirləşməlidirlər"
Futbol
1499
19 Mart , 2015 16:05
Elnur Əşrəfoğlu: Prosineçkinin qərarı Neftçinin futbolçularına dərs olmalıdır

Bakı. 19 mart. REPORT.AZ/ "Neftçi" pezidentinin müşaviri Elnur Əşrəfoğlu Azərbaycan millisinə Malta yığması ilə AVRO-2016-nın seçmə qrup matçı üçün klubdan heç bir futbolçunun çağırılmamasına reaksiya verib. E.Əşrəfoğlu "Report"a açıqlamasında baş məşqçi Robert Prosineçkinin qərarına hörmətlə yanaşdıqlarını bildirib.

O deyib ki, xorvatiyalı mütəxəssisin bu addımı oyunçulara dərs olmalıdır: "Prosineçki yaxşı futbolçu olub, yaxşı da məşqçidir. Hamıdan çox "Neftçi"nin oyunlarını izləyib. Komandamızdan heç kimi çağırmayıbsa, bu, "Neftçi"nin futbolçularına dərs olmalıdır. Araz Abdullayev, Elvin Yunuszadə və Rauf ƏIiyev papaqlarını qabaqlarına qoyub fikirləşməli, Prosineçkinin qərarını göz önünə gətirməli, elə oynamalıdırlar ki, yığmadakı yerlərini qaytara bilsinlər. Yalnız qapıçımız Aqil Məmmədovun çağırılmamasına təəssüflənirik. Ümumilikdə isə qərara hörmətlə yanaşırıq".

"Neftçi" rəsmisi əsas yığma ilə müqayisədə 21 yaşadək futbolçulardan ibarət milliyə 5 futbolçunun dəvət edildiyini bildirib. E.Əşrəfoğlu bunu klubun gənc futbolçularının daha yaxşı təsir bağışlamaları ilə izah edib.

Qeyd edək ki, martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi