Elmar Baxşıyev: "Qəbələ"ni hesabdan silmək tezdir"

Elmar Baxşıyev: "Qəbələ"ni hesabdan silmək tezdir" “Fikirləşdiyimiz kimi, oyun ağır keçdi. Uduzduğumuz zaman da komandamdan razı qalmışam".
Futbol
4 May , 2022 19:49
Elmar Baxşıyev: Qəbələni hesabdan silmək tezdir

"Fikirləşdiyimiz kimi, oyun ağır keçdi. Hesab heç kimi aldatmasın".

"Report"un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis rəqibin yaxşı komanda olduğunu bildirib: "Rəşad Sadıqov güclü kollektiv formalaşdırıb. Ümumi götürəndə, “Qəbələ” mövsüm ərzində iddiasını meydanda göstərib. Uduzduğumuz zaman da komandamdan razı qalmışam. Mövsümboyu necə idiksə, bu gün də futbolçular verilən tapşırığı yerinə yetirməyə çalışdılar. Göstərdilər ki, "Qəbələ"ni hesabdan silmək tezdir. Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur".

O, mövsümü layiqincə başa vurmağa çalışacaqlarını söyləyib: "Nə mən, nə də komandam avrokubok barədə düşünür. İndi yalnız “Neftçi” ilə qarşıdakı görüşü fikirləşirik".

Baxşıyev komandada maliyyə probleminin olduğunu etiraf edib: "Əlbəttə, maliyyə klubun hər şeyidir. İnanıram ki, bu, komandamıza az təsir edəcək və sonadək xarakter göstərəcəyik. Bizi rəqiblər düşündürmür. Əsas fikrimiz öz oyunlarımızadır. Mövsümün sonu necə olacaq, heç kim bilmir".

Mütəxəssis iki aya yaxındır qələbə qazana bilməmələrinin səbəbini də açıqlayıb: "Səbəblər müxtəlif ola bilər. Məsələn, maliyyə problemi də əlavə təzyiqlər yarada bilər. Özünüz də görürsünüz ki, heyətimiz çox kasaddır. Cəzalı və zədəlilərimiz çox olur. Optimal heyəti yığdıqda meydanda daha əzmkar oluruq. Qara zolaqda deyildik. Sadəcə, optimal heyətlə çıxış edə bilmirdik".

Baş məşqçinin sözlərinə görə, komanda olaraq hakimlik haqqında ən sonda düşünürlər: "Daha çox futbolçularıma güvənirəm, inanıram ki, peşəkarlıqlarını sona kimi qoruyacaqlar. Lehimizə də, əleyhimizə də hakim qərarları olur. Dünya futbolunda belə hallar müşahidə olunur. Bunun üstündə dayanmaq fikrimiz yoxdur. Bizim kimi, hakimlər də səhv etməlidirlər".

Baxşıyev oyunun gedişində zədələnən Urfan Abbasovun durumundan da söz açıb: "Əvvəlki zədəsini təzələdi. Çarpaz bağlarında ikinci dərəcəli zədə var. Ümid edirik ki, qısa müddətə qayıdacaq. Adının "Neftçi” və “Sabah” kimi klublarla birgə hallanmasına gəlincə, əvvəlcə çempionatı sona çatdıraq. Kollektiv çox mehribandır. İnanıram ki, komandanın bir yerdə qalması üçün hər bir şərait yaradılacaq".

"Qəbələ"nin UEFA Konfrans Liqasına vəsiqə qazanmaq şanslarını dəyərləndirən mütəxəssis bildirib ki, büdcənin geniş olması komandanın avrokuboklarda yaxşı çıxış etməsinə səbəb olar: "Buna ən çox mən sevinərəm. Mövsüm ərzində 14-15 futbolçu ilə oynayırıq. İnanırıq ki, hər şey yaxşı olacaq".

Son xəbərlər

Orphus sistemi