Elmar Baxşıyev: "Mövsümü istədiyimiz kimi tamamladıq"

Elmar Baxşıyev: "Mövsümü istədiyimiz kimi tamamladıq" "Oyun çox dinamik alındı. Cari mövsümdə son matçımız olsa da, komandalar meydanda məzmunlu oyun nümayiş etdirdilər. Çoxlu sayda qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Komandam verilən taşırıqları yerinə yetirməyə çalışdı".
Futbol
21 May , 2022 19:26
Elmar Baxşıyev: Mövsümü istədiyimiz kimi tamamladıq

"Oyun çox dinamik alındı. Cari mövsümdə son matçımız olsa da, komandalar meydanda məzmunlu oyun nümayiş etdirdilər. Futbolçular oyunu çirkinləşdirməyə meylli deyildilər. Açıq futbol getdi. Düşünürəm ki, hər iki komandaya alqış düşür. Çoxlu sayda qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Komandam verilən taşırıqları yerinə yetirməyə çalışdı".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın sonuncu - XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis mövsümü istədikləri kimi tamamladıqlarını və turnir cədvəlində layiqli yer tutduqlarını bildirib: "Daha üst pillədə ola bilərdik. Amma ümumi götürəndə, çempionatın bizim üçün necə ağır keçdiyini dəyərləndirsək, avrokuboklara vəsiqə qazanmağımızdan məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlayacağıq. Daha da güclənmək mütləqdir".

Baxşıyev heyətdəki mümkün dəyişikliklərə də toxunub: "Nicat Mehbalıyevin durumu məlum deyil. Çünki "Sabah" klubuna məxsusdur. Onun məsələsi həllini tapdıqdan sonra qapıçı transferi edib-etməyəcəyimizə aydınlıq gələcək. Amma Kristof Atanqana da gələn il bizimlə olacaq. Onunla əməkdaşlıqda maraqlıyıq. Urfan Abbasov sabah əməliyyat olunacaq. Onun yerini doldurmaq vacibdir. 1-2 mövqe var ki, ora da oyunçu alınmalıdır. Özünüz də görürsünüz ki, sırf "9" nömrəmiz yoxdur. Bir oyunda Ülvi İsgəndərov, birində Emin Səfərov, digərlərlərində Rafael Utziq oynayır. UEFA Konfrans Liqasında layiqli çıxış etmək istəyiriksə, bəzi mövqeləri gücləndirmək lazımdır".

Baş məşqçi hələlik avrokuboklar barədə düşünmədiklərini söyləyib: "Əvvəlcə komandanı istirahətə buraxıb, heyəti komplektləşdirməliyik. Bundan sonra iddialı olmaq barədə danışmaq olar".

"Sabah"ın məşqçisi Artur Olenin isə vacib oyundan öncə heyətin əsasını təşkil edən bir neçə futbolçularını itirdiklərini vurğulayıb: "Bu, oyunumuza təsir etdi. Bilirik ki, “Qəbələ” mərkəzdə və hücumda yaxşı oynayır. İlk ötürmələrdə istədiyimiz alınmadı. Bu oyuna səhvsiz başlamaq lazım idi. Amma biz səhvlər etdik. İntizamsızlıq oldu. Sonradan özümüzdə güc tapıb qolumuzu vurduq. Epizodlarımız var idi, təəssüf ki, ardını gətirə bilmədik".

Mütəxəssis komandanın avrokuboklardan kənarda qalması ilə bağlı da fikirlərini bölüşüb: "Biz gələndə komanda sonuncu pillədə idi. Müəyyən irəliləyişlər oldu. Yaxşı nəticələr qazandıq. Amma Murad Musayev da deməyib ki, avrokuboklara düşəcəyik. Təbii ki, biz də bunu istəyərdik. Əlimizdən gələni etdik, amma alınmadı. Futbol belədir. İrəliyə doğru addım atdıq, böyük iş gördük. Razıyıq? Yox. Fikrimcə, keyfiyyətli iş gördük".

Olenin transfer siyasəti barədə danışmaq istəməyib: "Hər şeyin necə olacağını gələn mövsüm görəcəyik".

Son xəbərlər

Orphus sistemi