Futbol üzrə İspaniya La Liqasında X turdan təxirə salınmış "Barselona" - "Real Madrid" görüşü keçirilib.
"Report"un məlumatına görə, "Kamp Nou"da təşkil olunmuş mövsümün ilk "El-Klassiko"su qolsuz yekunlaşıb - 0:0.
Əzəli rəqiblərin duelində əsas vaxtı belə hesabla bitən sonuncu görüş 2011-ci ilin aprelində qeydə alınıb. Həmin vaxt "Real Madrid" əlavə vaxtda qalib gələrək İspaniya Kubokunu qazanıb. "Kamp Nou"da isə qolsuz bərabərlik 17 il əvvəl - 2002-ci ildə gerçəkləşib.
Qeyd edək ki, 17 oyundan sonra "Barselona" və "Real Madrid" hərəyə 36 xalla ilk 2 yeri bölüşürlər. Kataloniya təmsilçisi daha çox top vurduğu üçün birincidir. Üçüncü pillədə isə Avropa Liqasında "Qarabağ"ın rəqibi olmuş "Sevilya" 31 xalla qərarlaşıb.