"Baş məşqçi ilə azarkeşlər arasındakı problemə qarışmaq istəmirəm. Mənim işim futbol oynamaqdır".
Bunu "Report"a açıqlamasında "Kəpəz"in futbolçusu Əfran İsmayılov fanatların ardıcıl iki matçda komandanın baş məşqçisi Yaşar Vahabzadəni istefaya səsləmələri barədə danışarkən deyib.
34 yaşlı yarımmüdafiəçi qarşılaşmalarda tərəfdarların "istefa" şüarını eşikdiklərini bildirib: "Bu, futbolçulara təsir edir. Azarkeşlərin, baş məşqçinin və ya futbolçuların hər birinin öz qərarı var. Hamısına da hörmətlə yanaşıram. "Kəpəz" fanatları çılğın və istəklidir. Həmçinin sayılıb-seçilən azarkeş qruplarındandır, həmişə də bizə dəstək olurlar. Bir az səbrli olmalıyıq, hər şey qaydasına düşəcək".
İsmayılov ilk üç turda məğlubiyyətləri güclü komandalarla üz-üzə gəlmələri ilə əlaqələndirib: "Üç matçın hamısında avrokuboklarda çıxış edən rəqiblərə qarşı oynadıq. Nə büdcə, nə də keyfiyyətli oyunçu baxımından onlarla ayaqlaşırıq. Bunlar bizə uyğun komandalar deyil, hamısının geniş heyəti var. "Kəpəz"də heyət yeni formalaşıb. Yavaş-yavaş toparlanmağa çalışırıq. Azarkeş və stadion amili də öz sözünü deyir. Gəncədə oynamaq hər rəqib üçün çətinlik yaradar. Amma bəzi səbəblərdən ev oyunumuzu burada keçirə bilmirik. Bu da oyunçulara mənfi təsir göstərir".
Təcrübəli oyunçu baş məşqçinin ona çox şans verməməsinə də toxunub: "Bunu onun özündən soruşsanız, daha yaxşı olar. Mən oynamağa hazıram. Ən azı 60 dəqiqə əlimdən gələni edə bilərəm. "Qəbələ"yə 0:3 hesabı ilə uduzduğumuz görüşdə də meydana çıxacağımı gözləyirdim. Amma şans verilmədi. Bu, baş məşqçinin qərarıdır. Mən onun nə fikirləşdiyini bilmirəm".
Yarımmüdafiəçi Premyer Liqada bəzi rəqiblərlə mübarizə aparmağa qadir olduqlarını vurğulayıb: "Çempionatda gücümüzə uyğun komandalar var. "Səbail" və digərləri ilə mübarizə apara bilərik. Son pillədən qurtulmağa və öz gücümüzü göstərməyə çalışacağıq".
Qeyd edək ki, 3 qarşılaşmanın hamısında məğlub olan "Kəpəz" hazırda sonuncu - 10-cu pillədə qərarlaşıb.