Bakı. 19 mart. REPORT.AZ/ "Doğrudan da maraqlı və gərgin oyun keçdi. Heç kim asanlıqla xal vermir. Şanslardan yararlana bilməsək də, 1 xal qazandıq ki, bu da qənaətbəxşdir".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Əfran İsmayılov səfərdə "Zirə" ilə heç-heçədən (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.
Yarımmüdafiəçi bildirib ki, "Zirə" ilə "Qarabağ" arasında heç vaxt yaxınlıq olmayıb:
"Bunlar boş söhbətlər idi və bir daha sübut olundu. Hər iki komanda qələbə qazanmaq istəyir. Gördüyunüz kimi, maraqlı oyun keçdi. Kimin udub, kimin uduzmasına baxmamalı, öz oyunumuzu düşünməliyik. Keçirdiyimiz matçlardan qalib ayrılsaq, hər şey qaydasında olacaq".
Azərbaycan millisinə də dəvət alan İsmayılov 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 26-da Almaniya yığmasına qarşı keçirəcəkləri görüşlə bağlı proqnozlarını bölüşüb. O, dünya çempionları ilə oyun ərəfəsində hamının bir araya gəlməsinin vacibliyini dilə gətirib:
"Əsas odur ki, həmrəy olaq. Biz də əlimizdən gələni edəcəyik. Hamını stadiona çağırıram. Rəqib Almaniya olsa da, bütün gücümüzü ortaya qoyacağıq. Nə olacaqsa, olacaq. Azərbaycanla Almaniya arasında böyük fərq var. Bu, danılmaz faktdır. Amma Azərbaycan adına, onun gerbinə görə nə bacarırıqsa, edəcəyik. Bəzən deyirlər ki, "dolduracaqlar". Belə halın baş verməməsi üçün çalışacağıq. Rahatca öz futbolumuzu oynayaq və ən əsası, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Sonrasına baxaq, görək, nə olur?"
Təcrübəli oyunçu "Qarabağ"dan Azərbaycan yığmasına çağırılan 7 futbolçunun hazırlıq səviyyəsinə toxunarkən bildirib ki, klubla yığma arasındakı ab-hava fərqlidir:
"Milinin düşərgəsinə yollanırsansa, oyuna canınla, qanınla hazır olmalısan. Məşqlərdə əlimizdən gələni edəcəyik. Kimin oynayıb-oynamayacağı hələ bilinmir. Əsas odur ki, kim oynayacaqsa, canını qoysun. Rəqibin kimliyindən asılı olmayaraq, ortaya ürəyini qoysun. Nə olacaqsa, zaman göstərəcək".
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.