"Dinamo" - "Neftçi": 41 il sonra, ikinci dəfə, eyni hesabla - ARAŞDIRMA

"Dinamo" - "Neftçi": 41 il sonra, ikinci dəfə, eyni hesabla - ARAŞDIRMA "Neftçi" klubu 41 ildən sonra Gürcüstan "Dinamo"sunu səfərdə eyni hesabla məğlub edib.
Futbol
8 İyul , 2021 14:23
Dinamo - Neftçi: 41 il sonra, ikinci dəfə, eyni hesabla - ARAŞDIRMA

"Neftçi" klubu 41 ildən sonra Gürcüstan "Dinamo"sunu səfərdə eyni hesabla məğlub edib.

"Report"un məlumatına görə, tarixdə ikinci belə qələbə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib. "Ağ-qaralar" "göy-ağlar"ı tarixdə birinci dəfə 1980-ci il SSRİ çempionatının XXII tur matçında məğlubiyyətə uğradıb. Sentyabrın 13-də keçirilmiş həmin görüşdə də ilk yarı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Fasilədən sonra isə "Neftçi" qələbə topunu vurub.

Eyni hal ötən gün təkrarlanıb. "Neftçi" 23-cü dəqiqədə Namik Ələskərovun qolu ilə hesabı açsa da, 13 dəqiqə sonra meydan sahibləri Zoran Maruşiçin dəqiq zərbəsi ilə tarazlıq yaradıb. Oyunda son nöqtəni isə 57-ci dəqiqədə penalti ilə Emin Mahmudov qoyub.

Ümumilikdə "Neftçi" Tbilisi "Dinamo"su ilə 53 dəfə üz-üzə gəlib. Bunların 12-də qalib gələn "ağ-qaralar" meydanı 16 heç-heçə və 25 məğlubiyyətlə tərk edib. Qələbələ və heç-heçələrin hərəyə 10-u, məğlubiyyətlərin isə 6-sı ev oyunlarına təsadüf edib. Azərbaycan komandası səfər qarşılaşmalarından 2 qələbə, 6 heç-heçə və 19 məğlubiyyətlə ayrılıb.

Bu komandaların SSRİ çempionatındakı son oyunları 1988-ci ildə gerçəkləşib. Aprelin 23-də "Dinamo"ya evdə 1:0 hesabı ilə qalib gələn "Neftçi" avqustun 24-də səfərdə uduzub - 0:2.

Qeyd edək ki, müstəqillik illərində Tbilisidə "Dinamo" ilə daha əvvəl iki dəfə "Qəbələ" qarşılaşıb. "Qırmızı-qaralar" 2015-ci ildə 1:2, 2019-cu ildə 0:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi