Deputat: "Azərbaycan Arustamyanın AVRO-2020-də iştirakına mane olmayıb"

Deputat: "Azərbaycan Arustamyanın AVRO-2020-də iştirakına mane olmayıb" "Bu təcrübə uzun illərdir ki, həyata keçirilir"
Futbol
10 İyun , 2021 17:22
Deputat: Azərbaycan Arustamyanın AVRO-2020-də iştirakına mane olmayıb
Müşfiq Cəfərov

"Azərbaycan hər zaman sivil, demokratik, dünyəvi siyasət yürüdüb. Bütün sahələrdə irqçiliyə qarşı mübarizə aparılıb".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov Rusiyanın "Matç TV" telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-yə akkreditasiya üçün ilk müraciətinə müsbət cavab verilməməsinin səbəbi barədə danışarkən deyib.

O bildirib ki, Arustamyan Qarabağ erməni işğalı altında olduğu müddətdə həmin ərazilərə qanunsuz səfərlər edib: "Hazırda gündəmin əsas müzakirə obyektinə çevrilən məsələ erməni əsilli idman şərhçisi Nobel Arustamyanın AVRO-2020-yə akkreditasiyasının təstiqlənməsi, lakin Azərbaycan tərəfindən bloklanmasıdır. Bu şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına düşüb. Yəni, bu bloklanma yeni baş verməyib. Azərbaycan Respublikasının qanunlarına tabe olmadığından, həmin jurnalistin Azərbaycan ərazilərinə səfəri qadağan olunub. Bu, dövlətimizin qanunlarından irəli gələn qaydadır. Düzdür, akkreditasiyadan keçib, digər ölkələrdə baş tutacaq oyunlarda iştirak edə biləcək, yəni Azərbaycan Nobel Arustamyanın AVRO-2020-də iştirakına mane olmayıb. Sadəcə, həmin şəxs öz qanunsuz əməlinə görə XİN tərəfindən bloklanıb. Bu təcrübə uzun illərdir ki, həyata keçirilir".

Nobel Arustamyan
Nobel Arustamyan

Cəfərovun sözlərinə görə, Azərbaycan dövləti hər zaman insan haqlarına sadiq qalıb: "Beynəlxalq səviyyəli yarışlarda hər hansı erməni əsilli idmançının və ya jurnalistin iştirakına qadağa olmayıb. Məsələn, Ermənistanın güləş üzrə milli komandası 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatında iştirak edib və hətta 1 bürünc medal qazanıb. Bakı-2015 I Avropa Oyunlarında Ermənistan nümayəndə heyəti Bakıya 18 idmançı ilə gəlib. Rusiya, Ukrayna və başqa ölkələrin millilərinin şərəfini qoruyan, müxtəlif növlərdə çıxış edən erməni idmançılar ayrı-ayrı vaxtlarda Bakıda olublar".

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi