DÇ-2022 diplomatik münaqişə səbəbindən Qətərdə keçirilməyə bilər

DÇ-2022 diplomatik münaqişə səbəbindən Qətərdə keçirilməyə bilər Turnirin Təşkilat Komitəsi məsələ ilə bağlı hələ ki, rəsmi bəyanat verməyib
Futbol
6 İyun , 2017 05:01
DÇ-2022 diplomatik münaqişə səbəbindən Qətərdə keçirilməyə bilər

Bakı. 6 iyun. REPORT.AZ/ Futbol üzrə 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi Doha və qonşu ölkələr arasında diplomatik münasibətlərin pozulması və sərhədlərin bağlanması səbəbindən təhlükə altına düşüb.

"Report" xəbər verir ki, bunu "The Guardian" nəşri yazıb.

Bazar ertəsi birdən-birə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Liviya və Yəmən daxil olmaqla altı ərəb ölkəsi Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək, onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Bununla əlaqədar olaraq Qətərlə qurudan mövcud olan marşrutlar bağlanıb. Eyni zamanda, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ Dohaya öz dəniz limanları və hava məkanlarından istifadə etmək qadağası qoyub. Qətər isə bütün ittihamları qətiyyətlə rədd edib.

DÇ-2022-nin Qətərdəki Təşkilat Komitəsi məsələ ilə bağlı hələ ki, rəsmi bəyanat verməyib. Lakin mənbənin məlumatına görə, mundialın keçirilməmə riski olduqca ciddidir.

"Dünya futbol ictimaiyyəti aparıcı turnirlərin fəal şəkildə terrorçuluğu dəstəkləyən ölkələrdə keçirilməməsi fikri ilə razıdır", — deyə Almaniya Futbol İttifaqının prezidenti Raynxard Qrindel bildirib.

O, bu məsələni UEFA və Almaniya hökuməti ilə müzakirə edəcəyini və "siyasi həll yolu" tapacağını vəd edib. 

Son xəbərlər

Orphus sistemi