Braziliya millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina yığmasına qarşı təkrar oyundan imtina edib.
“Report” Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Ednaldo Rodriqes məlumat verib.
“Məşqçilər heyətinin mövqeyini nəzərə alaraq, matçın keçirilməməsi üçün FİFA-ya müraciət edəcəyik. Məşqçilər korpusuna kömək əlimdən gələni edəcəm. Bizim prioritetimiz altıncı dünya çempionluğunu qazanmaqdır. Biz bu matçın baş tutmamasını istəyirik", - təşkilatın rəhbəri deyib.
Braziliya və Argentina yığmaları arasında dünya çempionatının seçmə mərhələsi 2021-ci il sentyabrın 5-də keçirilməli idi, lakin artıq 6-cı dəqiqədə oyun polis tərəfindən dayandırılıb. Buna səbəb Argentinalı oyunçularında koronavirusun aşkarlanması ilə bağlı protokol olub. Beynəlxalq Futbol Federasiyası (FİFA) hadisə ilə bağlı intizam işi açıb və təkrar oyunu 22 sentyabr 2022-ci il tarixinə təyin edib.