DÇ-2018: Bu gün növbəti 1/4 final cütləri müəyyənləşəcək

DÇ-2018: Bu gün növbəti 1/4 final cütləri müəyyənləşəcək Bakı. 2 iyul. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Futbol
2 İyul , 2018 07:00
DÇ-2018: Bu gün növbəti 1/4 final cütləri müəyyənləşəcək

Bakı. 2 iyul. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, əvvəlcə Samara şəhərindəki eyniadlı arenada 5 qat dünya çempionu Braziliya yığması Meksikanı sınağa çəkəcək. 

Braziliya E qrupundakı ilk görüşündə İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikdən sonra Kosta-Rika və Serbiyaya 2:0 hesabı ilə qalib gələrək, 1-ci yeri tutub. Meksika isə Almaniyaya 1:0, Cənubi Koreyaya 2:1 hesabı ilə qalib gəldikdən sonra İsveçə uduzub - 0:3. Nəticədə İsveç şəxsi oyunlardakı üstünlüyü sayəsində birinci, Meksika ikinci olub. Onlar hərəyə 6 xal toplayıblar. Dünya çempionluqları sayında Braziliya ilə bərabərləşmək şansı olan Almaniya isə 3 xalla qrupda qalıb.

"Pentakampeonlar" DÇ-2018-dəki ilk sensasiyanın müəllifi ilə mundiallarda 4 dəfə üz-üzə gəliblər. Braziliya 1950-ci ildə 4:0, 1954-cü ildə 5:0, 1962-ci ildə 2:0 hesablı qələbə qazanıb. Yalnız 2014-cü ildə Meksika qolsuz bərabərliyə nail olub.

Günün digər oyunu Rostov-Dondakı "Rostov Arena"da Belçika ilə Yaponiya arasında keçiriləcək. Çempionatın favoritlərindən sayılan "qırmızı şeytanlar" G qrupundakı görüşlərində Panamaya 3:0, Tunisə 5:2, İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək, 9 xalla 1-ci yeri tutub. Yaponiya H qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə edib - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzub. Beləliklə, "gündoğar ölkə" komandası 4 xal toplayıb və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələrək, 2-ci yeri tutub. Qrup liderliyinə isə 6 xalla Kolumbiya yiyələnib.

Əvvəllər Belçika və Yaponiya yığmaları 2002-ci il dünya çempionatının qrup mərhələsində üz-üzə gəlib. Həmin görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

DÇ-2018

1/8 final

2 iyul

18:00. Braziliya - Meksika

Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (hər ikisi İspaniya)

Samara, "Samara Arena"

22:00. Belçika - Yaponiya

Hakimlər: Malanq Dyodiu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bakari Qassama (Qambiya), Jan Klod Birumuşahu (Burundi)

Rostov-Don, "Rostov Arena"

Qeyd edək ki, bu iki qarşılaşmanın qalibləri iyulun 6-da keçiriləcək 1/4 final matçında bir-birilərinə rəqib olacaqlar. Növbəti mərhələnin ilk 2 görüşündə isə iyulun 6-da Uruqvay Fransa ilə, iyulun 7-də Rusiya Xorvatiya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi