"Qəbələ"nin futbolçusu: "Coşqun Diniyev sanki suya kəllə vururmuş kimi yıxıldı" - MÜSAHİBƏ

"Qəbələ"nin futbolçusu: "Coşqun Diniyev sanki suya kəllə vururmuş kimi yıxıldı" - MÜSAHİBƏ Qəbələ klubunun futbolçusu Asif Məmmədovun Reporta müsahibəsi
Futbol
3 Aprel , 2019 17:13
Qəbələnin futbolçusu: Coşqun Diniyev sanki suya kəllə vururmuş kimi yıxıldı - MÜSAHİBƏ

"Qəbələ" klubunun futbolçusu Asif Məmmədovun "Report"a müsahibəsi

- Premyer Liqanın XXII turunda evdə "Sabah" komandası ilə görüşdə qolsuz heç-heçə etdiniz. Bu oyunda qələbə qazanmaq üçün nə çatmadı?

- Həmin gün heç də yaxşı oyun keçirə, istədiyimiz kimi çıxış edə bilmədik. Ən pis matçlarımızdan birini keçirdik. Bir sözlə, oyunumuz heç cür alınmırdı. Səbəbini də bilmirəm. Məşqlərimiz normal idi, 15 gün yaxşı hazırlıq keçmişdik. Hər şey qaydasında idi. Amma elə matçlardan idi ki, məşqlərdə hər şey yaxşı olur, lakin meydana çıxırsan oyun alınmır. Ümumi komanda kimi "Sabah"la görüşdə zəif çıxış etdik.

- "Sabah"la oyunda sizin də yer aldığınız epizod çox müzakirə olunur. Rəqib hətta hakim idarəçiliyi ilə bağlı şikayət də edib. Bu klub iddia edir ki, Sizinlə mübarizədə Coşqun Diniyevin yıxılması səbəbindən penalti təyin olunmalı idi...

- Yəqin ki, mən də "penalti yox idi" deyəcəyəm. Bunun yeganə cavabı budur (gülür).

- Real danışsaq, həmin epizodda penalti var idi?

- Mən yenə də yox cavabını verəcəyəm. Başqa nə deyim? Deməyəcəyəm ki, penalti var idi. Mən də deyirəm ki, yoxdur.

- Epizodu yenidən izləmisiniz?

- Açığı, izləmişəm. Yəqin ki, siz də izləmisiniz. Çətin epizoddur, çünki mənim ayağım orada havaya qalxmır. Coşqun da bir balaca yıxılmağa meyl edirdi. Ona görə çətin epizoddur. Biz 10 dəfə izlədikdən sonra bu barədə qərar veririk. Hakim isə bir saniyənin içində qərar qəbul edir. 10 dəfə baxandan sonra deyirik ki, burada penalti var idi və ya yox. Hakim isə bir saniyənin içində qərarını verməlidir.

- Coşqun Diniyev o epizodda simulyasiya etdi?

- Məncə, düzgün yıxılmadı. Elə görünürdü ki, sanki suya kəllə vururmuş kimi yıxıldı (gülür). Çətin epizoddur. Mən bunu həmin epizodun içində olmuşam deyə söyləmirəm.

- Çempionat yavaş-yavaş sona yaxınlaşır. Premyer Liqada üçüncü yeri tutub avrokuboklara vəsiqə qazana biləcəksiniz?

- Bu, bizim məqsədimizdir. Komandamızın üçüncü yeri tutmaq üçün yetərincə gücü var. Düşünürəm ki, oyunumuzda bir az bəzi şeyləri düzəltsək, buna nail ola bilərik.

- Komanda ölkə kubokunda da mübarizəni davam etdirir. "Qəbələ"nin hazırkı heyəti belə sıx qrafikin öhdəsindən gələ biləcəkmi?

- Yəqin ki, növbəti oyunlar ərzində heyətdə bəzi dəyişikliklər olacaq. Baş məşqçi bunu daha yaxşı bilər. Yaxşı heyətimiz var. Təki zədəlilərimiz olmasın, sonra hər şey yaxşı düzələr. İnanıram ki, bunu bacararıq. Niyə də bacarmayaq?!

- Premyer Liqanın növbəti turunda "Qarabağ"la qarşılaşacaqsınız. Azərbaycanın Kubokunun yarımfinalında da Ağdam təmsilçisinə rəqibsiniz. Həmin oyun barədə nə deyə bilərsiniz?

- "Qarabağ"ı məğlub etmək istəyirik. Çünki bu mövsüm 3 görüşün hamısında uduzmuşuq. Evdə oynayırıq və məğlub olmaq kimi fikrimiz yoxdur. Çox ciddi hazırlaşırıq. Meydana qələbə üçün çıxacağıq. "Qarabağ" da sıradan bir rəqib deyil. Bizi çətin və maraqlı oyun gözləyir. Ümid edirəm ki, sonda yaxşı olacaq.

- "Qarabağ"ın çempionluq mübarizəsini davam etməsini özünüz üçün mənfi hal saymırsınız?

- Bu komanda ilə oyunlarımız həmişə yaxşı mübarizə şəraitində keçib. "Qarabağ" çempion oldu və ya olmadı, düşünürəm ki, oturuşmuş komandadır. Bilirik ki, rəqib bizə qarşı həmişə yaxşı oynayır. Ona görə də bunun özümüz üçün heç bir fərqi yoxdur. "Qarabağ" bizimlə görüşdə necə lazımdırsa, elə də mübarizə aparacaq. Rəqib futbolçular öz güclərini oyuna qoyacaqlar. Onlar çempion olmaq istəyirlər, biz də üçüncü yeri tutmaq niyyətindəyik.

- Çempionluq yolunda "Neftçi"ni, yoxsa "Qarabağ"ı favorit hesab edirsiniz?

- Bunu deməyəcəyəm (gülür). Özüm hiss etsəm də, demərəm. Çünki bu klubların ikisinə də böyük hörmətim var. Çempionatın axırı çox maraqlı olacaq.

- Komanda ilə mövsümün sonunda müqaviləniz başa çatır. Sizə yeni sözləşmə təklif olunub? 

- Hələlik heç bir danışıq olmayıb. Bu barədə heç nə yoxdur.

- Yaş amilini də nəzərə alsaq, klubun sizinlə yola davam etməyəcəyini düşünürsünüz?

- Bu barədə bir söz deyə bilmərəm. Hər şey ola bilər. Etsələr də, etməsələr də sağ olsunlar. Futbol həyatı elə bir şeydir ki, bu gün burdasan, sabah isə başqa yerdə. İstənilən qərarı normal qarşılayaram. Heç bir problem olmaz.

- "Qəbələ"də qalmaq istəyirsiniz?

- Əlbəttə. Kim istəməz ki? Neçə ildir ki, buradayam və hər şey yaxşıdır. Özüm istəyirəm, amma mənim istəməyimə nə verirlər ki? (gülür).

Son xəbərlər

Orphus sistemi