Ceyhun Sultanov: "Hər şey Meza Kollinin özündən asılıdır"

Ceyhun Sultanov: "Hər şey Meza Kollinin özündən asılıdır" Klub rəhbərliyi belə bir oyunçunu itirmək istəməz
Futbol
26 May , 2021 12:36
Ceyhun Sultanov: Hər şey Meza Kollinin özündən asılıdır
Ceyhun Sultanov

"Bu, mənim ölkə kubokunda ilk titulum idi. İndiyədək 2 - 3-cü yerləri tutmuşdum, amma kuboku heç vaxt götürməmişdim. Buna ehtiyacım var idi. Çox sevincliyəm. Rəhbərlikdən sıravi işçiyədək hamını təbrik edirəm".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə" klubunun idman direktoru Ceyhun Sultanov Azərbaycan Kubokunu qazanmaları barədə danışarkən deyib.

42 yaşlı funksioner bildirib ki, yarımfinalda "Zirə"ni mübarizədən kənarlaşdırdıqdan sonra qalib olacaqlarına inanıb: "Hamı bilir ki, bu komanda ilk 3 yer uğrunda mübarizə apara bilər. Şükürlər olsun, bəhrəsini gördük, titulsuz qalmadıq. Bizim üçün çox sevindiricidir".

Klub rəsmisi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlərə də toxunub: "Hələ elə bir şey yoxdur. Əsas fikir kubok oyununda idi. Bundan sonra digər məsələlər barədə düşünmək olar. Meza Kolli komandada qala və ya gedə bilər. Hər şey özündən asılı olacaq. Əlbəttə, klub rəhbərliyi belə bir oyunçunu itirmək istəməz. Amma futbolçunun hədəfi daha yaxşı liqalarda oynamaq, Avropaya getməkdirsə, biz ona heç nə deyə bilmərik".

Qeyd edək ki, "Keşlə" finalda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi