Bakı. 2 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II turun ilk 2 oyunu keçirilib.
"Report" xəbər verir ki, "Yuventus" İtaliyada İsveçrə "Yanq Boyz"unu, "Hoffenhaym" isə Almaniyada İngiltərənin "Mançester Siti" komandasını qəbul edib.
Hər iki qarşılaşmada 3 qol vurulub.
"Yuventus" Paulo Dibalanın 5-ci, 33-cü və 69-cu dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. "Mançester Siti" isə elə ilk dəqiqədəcə qapısında qol görüb. Lakin İshak Belfodilin qoluna 8-ci dəqiqədə Serxio Aquero, 87-ci dəqiqədə isə David Silva cavab verərək, mançesterliləri sevindirib.
Bu qələbələrdən sonra xallarını 6-ya çatdıran "Yuventus" H qrupunda, 3 xala malik "Mançester Siti" isə F qrupunda liderliyi ələ alıb.
Günün daha 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

