Çempionlar Liqası: "Qarabağ" səfərdə "Atletiko" ilə heç-heçə edərək ikinci xalını qazanıb - VİDEO

Çempionlar Liqası: "Qarabağ" səfərdə "Atletiko" ilə heç-heçə edərək ikinci xalını qazanıb - VİDEO Madriddə keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb
Futbol
1 Noyabr , 2017 01:38
Çempionlar Liqası: Qarabağ səfərdə Atletiko ilə heç-heçə edərək ikinci xalını qazanıb - VİDEO

Bakı. 1 noyabr. REPORT.AZ/ "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV turun oyununu keçirib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi İspaniyada "Atletiko"nun qonağı olub.

Madriddəki "Metropolitano" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Miçel açıb. O, künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərib. Ağdam klubu fasiləyə öndə çıxıb.

İkinci hissədə "Atletiko" bərabərlik qolunu vurmağa müvəffəq olub. Tomas Partey 56-cı dəqiqədə uzaq məsafədən dəqiq zərbə endirib.

Bundan 3 dəqiqə sonra "Qarabağ" azlıqda qalıb. Pedro Enrike Dieqo Qodinin üzünə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Beləliklə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Atletiko" ilə Bakıdakı görüşdə olduğu kimi azlıqda qalıb. Bununla belə, meydan sahibləri də 88-ci dəqiqədə Stefan Saviçin qırmızı vərəqə alması səbəbindən görüşü 10 futbolçu ilə başa vurublar.

Beləliklə, "Qarabağ" "C" qrupunda xallarını 2-yə çatdırıb və 4-cü pillədə qalıb. "Atletiko" 3 xalla 3-cü pillədədir. Hər iki komanda Çempionlar Liqasında 1/8 finala vəsiqə şanslarını böyük ölçüdə əldən verib. Qrupa 8 xalla İtaliya "Roma"sı başçılıq edir. İngiltərənin "Çelsi" klubu isə 7 xalla 2-ci yerdə qərarlaşıb.


***01:38

Bakı. 1 noyabr. REPORT.AZ/ Çempionlar Liqasının IV turu çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən "Atletiko" - "Qarabağ" oyununda hesab bərabərləşib.

"Report" xəbər verir ki, rəqibin bərabərlik qolunu 56-cı dəqiqədə Tomas vurub.

Matçın 58-ci dəqiqəsində isə "Qarabağ" azlıqda qalıb. Pedro Enrike kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

"C" qrupunun paralel keçən qarşılaşmasına "Roma" İtaliyada "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib. 


***00:53

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirir.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada “Atletiko”nun qonağıdır.

Birinci hissədən sonra "Qarabağ" "Atletiko"nu 1:0 hesabı ilə məğlub edir. Oyunda yeganə qolu 40-cı dəqiqədə künc zərbəsindən sonra Miçel vurub.

Son xəbərlər

Orphus sistemi