Çempionlar Liqası: 1/8 finalın son iştirakçısı bəlli olur

Çempionlar Liqası: 1/8 finalın son iştirakçısı bəlli olur Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun təxirə salınmış oyunu keçiriləcək.
Futbol
9 Dekabr , 2021 08:00
Çempionlar Liqası: 1/8 finalın son iştirakçısı bəlli olur

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun təxirə salınmış oyunu keçiriləcək.

"Report"un məlumatına görə, F qrupunda İtaliya "Atalanta"sı evdə İspaniya "Vilyarreal"ını sınağa çəkəcək. Ötən gün güclü qar səbəbindən oynanılmayan qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bununla da həm qrup mərhələsinə yekun vurulacaq, həm də 1/8 finalın sonuncu iştirakçısı bəlli olacaq.

Hazırda qonaqlar 7 xalla 2-ci, meydan sahibləri isə 6 xalla 3-cü pillədə qərarlaşıb. Berqamolular növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır. La Liqa təmsilçisini isə heç-heçə də qane edəcək.

Bu qrupda İngiltərə "Mançester Yunayted"i ilk pillənin sahibi kimi 1/8 finala çıxıb. İsveçrə "Yanq Boyz"u isə avrokuboklarla vidalaşıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

VI turdan təxirə salınmış oyun

F qrupu

22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya)

Xal durumu: "Mançester Yunayted" - 11 (6 oyuna), "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 5 (6).

Qeyd edək ki, bunadək Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi